Sual: Bir işçi bu ay işdən çıxıb. Onun cari ildən 1 gün, əvvəlki illərdən 30 gün məzuniyyət qalıb. Bu ay üçün də 12 iş günü işləyib. Bu məbləğlərin 3-ü də ayrı-ayrılıqda hesablanıb və vergiyə cəlb olunub. Yəni hər birindən ayrı ayrılıqda 200 manat çıxılıb hesablama üçün. Sualım o idi ki, bu düzgündür, yoxsa 200 manat 1 dəfə ümumi məbləğdən çıxılmalıdır? (
Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.
Mənbə: taxes.gov.az