» » » Büdcə təşkilatlarında işçilərin ezamiyyə xərclərinin hesablanması

Büdcə təşkilatlarında işçilərin ezamiyyə xərclərinin hesablanması

posted in: Xəbər | 0
birbank biznes

əmək məzuniyyəti əmsallaşdırmaBüdcə təşkilatlarında işçilərin ezamiyyə xərclərinin hesablanması


Mövzu ilə bağlı sual doğuran məqamları mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli Qərarının 1-ci bəndinə ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib.

Qərarın 4-cü bəndinə əsasən, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

“Ezamiyyə xərclərinin normaları haqqında” Qərarın 1-ci bəndinin 2-ci hissəsində göstərilib ki, ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini mehmanxana, 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Ezamiyyə xərclərinin 1 günlük normasından başqa təsdiqedici sənədlər əsasında nəqliyyat xərcləri (şəhərdaxili nəqliyyat istisna olmaqla) ödənilir. Nəqliyyat xərcləri ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir.

Misal: Büdcədən maliyyələşən təşkilatda işləyən işçi işin xüsusiyyətləri ilə əlaqədar olaraq idarənin balansında olan xidməti minik avtomobili ilə 24 may 2021-ci il tarixindən 3 gün müddətinə Bakı şəhərindən Şamaxı şəhərinə ezam olunub. Bu zaman onun ezamiyyə xərcləri belə hesablanır:

Gündəlik xərc: 65×3 = 195 manat
195×20% = 39 manat.

Mehmanxana xərci: 65x2x80% = 104 manat.

Nəqliyyat xərci: Bakı-Şamaxı 107 km, nəqliyyat vasitəsinin texniki pasportunda 100 km yanacaq sərfiyyatı 11 litr qeyd edilib.

107×2 = 214 km:100×11 litr = 23,54 litr.

Yanacağın bu günə qiymətinə (1 manat) əsasən:
1×23,54 = 23,54 manat.

Cəmi: 39 + 104 + 23,54 =166,54 manat.

Bununla yanaşı, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli “İşçilərin ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında Q-01 nömrəli Qərarının 2-ci bəndinə uyğun olaraq həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Respublikadaxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq “Ezamiyyə vəsiqəsi” verilir və Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Həmçinin, təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır.

Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır.

Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.


Mənbə: vergiler.az