Fiziki şəxslərin torpaq vergisinin hesablanması

posted in: Xəbər | 0

Fiziki şəxslərin torpaq vergisi, Kiçik mühasib vakansiyaMövzunu hüquqşünas Səməd Vəkilov şərh edir. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər torpaq vergisinin (Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla) ödəyiciləridir.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün on beş ildən doxsan doqquz ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən qırx doqquz ilədək müəyyən oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə icarə və digər əsaslarla istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu icarə və digər əsaslarla istifadəyə götürən şəxslər tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

Məcəllənin 206.1-1-ci maddəsində isə göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Torpaqların kadastr qiyməti rayonlar və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir.

Müvafiq icra hakimiyyəti orqanının verdiyi (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə) arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının 1 hektarının şərti balı kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli Qərarı ilə müəyyənləşdirilmişdir. Həmin Qərara əsasən, biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarının şərti balları müvafiq kadastr qiymət rayonlarının əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlarının I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balların 1/10-i miqdarında qəbul edilir.

Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

Misal 1. Tovuz rayonundakı kəndlərdən birində fiziki şəxsə məxsus 5.000 m2 sənaye təyinatlı torpağın vergi məbləğini hesablayaq. Vergi qanunverciliyinə əsasən, 10.000 m2 qədər olan bu təyinatlı torpaq sahəsinin vergi dərəcəsi 2 manatdır. Buna əsasən, həmin fiziki şəxsin ödəyəcəyi torpaq vergisinin məbləği 10.000 manat olacaq:

5.000×2 = 10.000 manat.

Misal 2. Bəs Tovuz rayonunda 1.000 m2 həyətyanı torpaq sahəsi olan fiziki şəxs nə qədər torpaq vergisi ödəməlidir? Vergi qanunverciliyinə əsasən 10.000 m2 qədər olan bu təyinatlı torpaq sahəsinin vergi dərəcəsi 0,3 manat müəyyən olunub. Buna əsasən, həmin fiziki şəxsin vergi öhdəliyi 30 manat təşkil edir:

1.000 x 0,3 = 30 manat.

Mənbə: vergiler.az


Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində vergi necə hesablanır?

posted in: Xəbər | 0

ödəmə mənbəyində vergiyə cəlb,Sualla bağlı iqtisadçı ekspert Anar Bayramov şərh bildirir. Vergi Məcəlləsinin 150.1.9-cü madddəsinə əsasən, notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Notariusların vergi tutduğu müqavilələrə aşağıdakılar aid edilmir:

  • fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • fiziki şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi.

Misal 1: Vətəndaş 2010-cu ildən qeydiyyatda olduğu evini 2022-ci ildə satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.

Misal 2: Vətəndaş 2019-cu ilin noyabr ayından qeydiyyatda olduğu evi 2022-cü ilin mart ayında satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunmur. Çünki Vergi Məcəlləsində “təqvim ili” dedikdə 01 yanvar – 31 dekabr tarixi əsas götürülür. Bu halda 3 təqvim ili (2019-cu, 2020-ci və 2021-ci illər) başa çatdığı üçün vergi ödəyicisinə güzəşt tətbiq edilir.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.3-cü maddəyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadrat metrədək olan hissəsinə güzəşt tətbiq edilir.

Misal 3: Vətəndaş 2 il qeydiyyatda olduğu 85 kvadrat metrlik evi satarsa, 30 kvadratmetr sahəyə görə vergi hesablanmayacaq və 55 kvadrat metrə (85-30) vergi hesablanacaq.

Misal 4: Vətəndaş 2015-ci ildə aldığı 5 sot (500 kvadratmetrlik) torpaq sahəsini 2022-ci ildə satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunacaq. Çünki 3 il qeydiyyat şərti torpaq sahəsinə münasibətdə tətbiq edilmir.

Misal 5: Vətəndaş 2013-cü ildə aldığı 300 kvadratmetrlik qeyri-yaşayış sahəsini 2022-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunacaq. Çünki 3 il qeydiyyat tələbi qeyri-yaşayış sahəsinə münasibətdə tətbiq edilmir. Həmçinin, yaşayış sahəsinə tətbiq edilən 30 kvadratmetrlik vergi güzəşti qeyri-yaşayış sahəsinə aid olunmur.

Notariusların vergi tutduğu müqavilələrə mirasın ailə üzvlərinin adına rəsmiləşdirilməsi aid edilmir.

“Ailə üzvləri” anlayışı Vergi Məcəlləsinin 13-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 13.2.7-ci maddəsinə əsasən, vergi ödəyicisinin ailə üzvləri aşağıdakılardır:

  • ər-arvadlar;
  • valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;
  • vərəsələr;
  • doğma (ögey) bacılar (qardaşlar):
  • bacı və qardaş övladları,
  • ər-arvadların bacıları, qardaşları və valideynləri,
  • bacıların ərləri və qardaşların arvadları,
  • valideynlərin bacıları (qardaşları),
  • qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

Təcrübədə rast gəlinən və mübahisə yaradan məsələlərdən biri eltilərin (qardaş arvadlarının) bir-birinə əmlak təqdim etməsi halında notariuslar tərəfindən ödəmə mənbəyində vergiyə cəlb edilməsidir.

Misal 6: Boyük qardaşın arvadı evlilik dövründə alınan yaşayış sahəsini kiçik qardaşın arvadına – eltisinə təqdim edir. Bu zaman notarius ümumi qaydada vergiyə cəlbetmə həyata keçirir və güzəşt tətbiq olunmur.

Misal 7: Böyük qardaş yaşayış sahəsini kiçik qardaşının arvadına təqdim edirsə, bu əməliyyat artıq ailə üzvləri arasında təqdimetmə hesab olunur.

“Torpaqların dövlət “ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərdən notaries vergi tutmur.

Məsələn, “Sovetski” ərazisində yaşayan vətəndaşın torpağını alarkən alğı-satqı müqaviləsi bağlanan zamanı ödəmə mənbəyində vergi tutulmur.

Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə də notarius vergi tutmur.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı / vergiler.az


Şəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu?

posted in: Xəbər | 0

şəhid ailəsi statusu,Vergi Məcəlləsində şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldıldığı qeyd edilib. Övladları dedikdə yaş həddi nəzərdə tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Beləliklə, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt məbləği şəhid adını almış şəxslərin övladlarına hər hansı yaş həddi olmadan şamil edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: vergiler.az


Gələn ay ardıcıl 7 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü,Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq. Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.


İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 may 2023-cü il.


1 414 415 416 417 418 419 420 2. 400