Vergi borclarının alınması ilə bağlı dəyişikliklərin vergi ödəyicisinə necə təsir edəcək?

posted in: Xəbər | 0

Vergi borclarının alınması ilə bağlı dəyişikliklərin vergi ödəyicisinə təsiri barədə mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 65-ci maddəsinə aşağıdakı məzmunda 65.7-2-ci və 65.7-3-cü maddələr əlavə edilib:

  • Vergi orqanının vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir (Maddə 65.7-2.).
  • Vergi orqanının vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına verilmiş vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir. (Maddə 65.7-3.)

Hər iki dəyişikliyi vergi ödəyicisinin xeyrinə qiymətləndirmək olar. Təcrübədə vergi orqanı tərəfindən bir neçə bankda hesabı olan vergi ödəyicisinin bütün hesabları üzrə dondurulma aparılmasına rast gəlinir.

Misal

Vergi orqanı tərəfindən vergi ödəyicisinin bir neçə bank hesabı üzrə 30.000 manat borcunun dondurulması ilə bağlı banklara sərəncam daxil olub. Vergi ödəyicisinin bütün hesabları üzrə borcun 105 faizi həcmində məbləğin, yəni 31.500 manatın dondurulması həyata keçirilib.

30.000 x 105% = 31.500 manat.

Əgər vergi ödəyicisinin 3 bankda hesabı olurdusa, o zaman 31.500 manat yox, 94.500 manat məbləğində vəsaitin dondurulması həyata keçirilirdi:

31.500 x 3 = 94.500 manat.

Yeni dəyişikliyə əsasən, hər hansı hesab üzrə dondurulma həyata keçirildiyi halda, vergi orqanı həmin kredit təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edəcək.

Mənbə: vergiler.az

Ezamiyyət nədir və işçilərin ezamiyyət qaydaları

Uşaq bağçalarına hansı vergi güzəşti verilib?

posted in: Xəbər | 0

Müəssisəmiz lisenziya əsasında məktəbəqədər təhsilin uşaq bağçası növü üzrə fəaliyyət göstərir. Bildiyimiz kimi, məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirlər 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu güzəştin müddəti uzadılıbmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.15-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə 2024-cü ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələri ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır.

Odur ki, 2024-cü ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.7-ci və 106.1.15-ci maddələri

Mənbə: vergiler.az

Lizinqlə əldə edilmiş nəqliyyat vasitəsinin digər müəssisəyə təqdim edilməsi

Stomatoloji klinikalara hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

2023-cü ildən etibarən lisenziya alıb stomatoloq xidmətləri göstərirəm. Obyektdə yeni nəsil nəzarət-kassa aparatı və həmin aparata inteqrasiya edilmiş POS-terminal quraşdırmışam. Eyni zamanda 01.01.2024-cü il tarixdən könüllü ƏDV qeydiyyatındayam. 2024-cü ilin yanvar ayında ümumi dövriyyəm 20.000 manat, o cümlədən nağdsız dövriyyəm 8.500 manat olub. Bilmək istərdim ki, Vergi Məcəlləsində bu fəaliyyət üzrə güzəşt nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə onun ƏDV üzrə vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Eyni zamanda özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, 2024-cü il yanvarın 1-dən tərəfinizdən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənizin 50 faizi ƏDV üzrə vergi tutulan ümumi dövriyyənizdən çıxılmaqla ƏDV hesablanır:

8.500 x 50% = 4250 manat;

(20.000 – 4.250) x18% = 2.835 manat.

Azaldılan ƏDV məbləği üzrə əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

4.250 x 18% = 765 manat.

Əsas: Vergi Məcəlləsinin 102.1.41-ci və 174.5-ci maddələri

Mənbə: vergiler.az

Lizinqlə əldə edilmiş nəqliyyat vasitəsinin digər müəssisəyə təqdim edilməsi

Rezident müəssisələrin ödədiyi dividendlərdən yaranan vergi öhdəliyi

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Bəs bu ödənişlər hansı formada vergiyə cəlb olunur? Suala Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev aydınlıq gətirir.

Dividend müəssisənin xalis mənfəətinin təsisçilər arasında bölüşdürülməsi, yəni bir növ təsisçilərin müəssisənin fəaliyyətindən əldə etdiyi mənfəətdən əldə etdikləri qazancdır. Ancaq dividend ödəmələri xalis mənfəətdən ödənildiyi üçün ilk növbədə xalis mənfəətin nə olduğunu aydınlaşdırmalıyıq.

Vergi Məcəlləsinin 13.2.19-cu maddəsində göstərilib ki, xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.

Rezident müəssisənin ödədiyi dividenddən yaranan vergi öhdəliyinə gəlincə, bu məsələ də qanunvericiliklə tənzimlənir.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisənin ödədiyi dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulmalıdır.

Ancaq bəzi dividendlər var ki, vergidən azad edilir. Məsələn, Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10-cu maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin və müəssisələrin dividend gəlirləri vergidən azad edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.11-1 və 106.1.14-cü maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin (müəssisələrin) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilir.

Misal

Fərz edək ki, “XX” müəssisəsinin təsisçilərindən biri fiziki şəxsdir. Müəssisə vergi ili ərzində xalis mənfəətindən təsisçisinə 9.500 manat dividend ödəyib. Bu halda müəssisənin ödəmə mənbəyində hesablamalı olduğu vergi məbləğini müəyyən edək:

9500 : 0,95 x 5% = 500 manat.

Deməli, elan olunmuş dividend məbləği 10.000 manat olub ki, bundan 5 faiz məbləğində vergi tutulduqdan sonra təsisçiyə ödənilən məbləğ 9.500 manat olub.

Mənbə: vergiler.az

Onlayn qaydada vergi uçotundan birdəfəlik çıxmaq mümkündürmü?

1 290 291 292 293 294 295 296 2. 396