İşçilərin attestasiyasına fərqli yanaşmalar

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Deməli, işçilərin attestasiya qaydaları xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxslərə şamil olunmur. Bəs əmək müqaviləsi ilə çalışan işçilər nə zaman və hansı qaydada attestasiyaya cəlb oluna bilərlər? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 65-ci – “İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri” maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə, bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddədən göründüyü kimi, işçilərin attestasiyasının keçirilməsində məqsəd işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını müəyyən etməkdir. Bu cür attestasiyanın hədəfi işçi hesab olunmalıdır.

Attestasiya keçirilməsi nəzərdə tutulan işçilərlə bağlı Əmək Məcəlləsinin xüsusi tələbi mövcuddur. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi 3 ildə, elmi işçilər isə 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Misal 1: İşçi mühasib vəzifəsində 9 aydır ki, çalışır. Bu halda işəgötürən həmin işçinin attestasiyasını həyata keçirə bilməz.

Misal 2: Xəzinədar vəzifəsində çalışan işçi 2 ildən sonra mühasib vəzifəsinə keçirilir. İşçi mühasib vəzifəsində 7 ay çalışdığı halda onun attestasiyası həyata keçirilə bilməz. Çünki işçinin bir işəgötürəndə ümumi iş stajının 2 il 7 ay olmasına baxmayaraq, müvafiq vəzifədə (iş yerində) iş stajı bir ildən azdır.

Misal 3: İşçi 2022-ci ildə attestasiya olunsa da işəgötürən qərar verir ki, 2024-cü ildə həmin işçini yenidən attestasiya etsin. İşəgötürənin bu qərarı əmək qanunvericiliyinə ziddir. Çünki hər bir işçi 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Misal 4: Elmi tədqiqat müəssisəsinin elmi işçisi 2021-ci ildə attestasiyadan keçib. 2024-cü ildə işəgötürən qərar verir ki, 3 il müddət keçdiyinə görə işçini attestasiyadan keçirsin. Amma Əmək Məcəlləsinin 65-ci maddəsində elmi işçilər üçün attestasiya müddəti 3 il deyil, 5 il müəyyən edildiyindən, işəgötürən həmin vəzifədə çalışanlar üçün qeyd edilən müddəti gözləməlidir.

İşçilərin attestasiyanın keçirilməsi prosesinə gəlincə, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən və ya işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

Maddədən göründüyü kimi, komissiya yaradılarkən aşağıdakı vacib məqamlar gözlənilməlidir:

  • İşəgötürən və işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Əgər satış işçilərinin attestasiyası həyata keçirilsə, o halda satış departamentinin rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
  • Attestasiya komissiyasının üzvlərinin sayı ən azı 5 nəfər və say tərkibi təkrəqəmli olmalıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərdiyi halda, komissiyanın bir üzvü həmin qurumu təmsil etməlidir.

Təbii ki, komissiya üzvləri müəyyənləşdirilərkən təcrübəli, yüksək peşəkarlığa malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərə üstünlük verilməlidir. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

Anar Bayramov: “Əməyin uçotu” kitabı (IV nəşr)

Mənbə: vergiler.az

Uçotu aparılmayan əmtəə-material ehtiyatlarının satışı zamanı xərcin müəyyən edilməsi qaydası

Uçotu aparılmayan əmtəə-material ehtiyatlarının satışı zamanı xərcin müəyyən edilməsi qaydası

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi ödəyicilərinin fəaliyyətinə nəzər yetirdikdə ən çox ticarət sektorunda aktivlik nümayiş etdirdiklərinin şahidi oluruq. Bəzən səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisi ilə vergi orqanı arasında malların anbardan silinmə qaydasında, yəni uçotunda müəyyən uyğunsuzluqlar yaşanır. Dövlət Vergi Xidmətinin əməkdaşı vergi ödəyicisindən malların uçotunu istədikdə həmin sənədləri təqdim edə bilmirlər. Uçotun aparılmaması mənfəət vergisi bəyannaməsində mal-material sətirində göstərilən xərcin yenidən gözdən keçirilməsi üçün əsas verir. Burada sahibkarları maraqlandıran məqam budur ki, əgər idxal etdiyi və ya daxili bazardan aldığı malların silinməsini, yəni uçotunu aparmırsa o zaman həmin mallara çəkilən xərclər necə nəzərə alınacaq?

Vergi Məcəlləsinin 139.4-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Misal

Müəssisənin balansında ayın əvvəlinə ümumi məbləği 5.000 manat olan 100 ədəd (vahidin qiyməti 50 manat olmaqla) material ehtiyatı vardır. Müəssisə ay ərzində həmin materialdan 1 halda 30 ədəd olmaqla 1.200 manata (vahidin qiyməti 40 manat olmaqla), digər halda isə 20 ədəd olmaqla 900 manata (vahidin qiyməti 45 manat olmaqla) alıb. Həmin malın 120 ədədini 7.000 manata digər vergi ödəyicisinə satıb. Malların uçotunun aparılmadığını nəzərə alaraq vergi ödəyicisinin büdcəyə hesablayacağı mənfəət vergisini tapaq:

Malın maya dəyəri – (5000 + 1200 + 900) : (100 +30 + 20) = 47.33 manat;

Satılmış malın maya dəyəri – 120 x 47.33 = 5679.60 manat;

Vergiyə cəlb olunan mənfəət – 7000 – 5679.60 = 1320.40 manat;

Hesablanmış mənfəət vergisi = 1320.40 * 20% = 264.08 manat.

Qeyd edək ki, burada orta maya dəyəri tapılan zaman eyni xarakterli və eyni növ mallar əsas götürülür.

Mənbə: vergiler.az

Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

Qeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?

posted in: Xəbər | 0

Qeyri-kommersiya təyinatlı vebsaytımı hüquqi şəxs kimi qeydiyyatdan keçirmək istəyirəm. Host və domenin pulunu özüm ödəyirəm, illik xərci 100 manatdan çox deyil. Bilmək istəyirəm ki , belə bir saytı hüquqi şəxs kimi qeydiyyatdan keçirmək olarmı? Özümə maaş yazmalı və əmək müqaviləsi bağlamalıyammı? Onlayn qeydiyyat zamanı əmək müqaviləsini doldurmaq, iş saatı, maaş yazmaq tələb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-kommersiya təşkilatı dedikdə, qeyri-kommersiya fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) arasında bölüşdürməyən və onu kommersiya məqsədləri üçün sərf etməyən hüquqi şəxsdir, əks halda, bu təşkilat kommersiya təşkilatı sayılır.

Qeyri-kommersiya təşkilatlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir və bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə, vergi uçotuna dair məlumat almaq üçün isə (195-1) Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün müvafiq ərizə vergi orqanına təqdim edilməlidir. Vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları”altbölməsindən, təqdim olunmalı lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” altbölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır.

Sorğuda qeyd olunan digər məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur (Çağrı Mərkəzi 142, www.sosial.gov.az).

Mənbə: vergiler.az

ƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir?

ƏMAS-da məzuniyyət əmrlərinin tərtib olunması qaydası

posted in: Xəbər | 0

Ölkədə kadr resurslarının vahid elektron bazada toplanması, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinə nəzarət etmək məqsədilə 2022-ci ildən Əmək və Məşğulluq Altsistemi (ƏMAS) istifadəyə verilib. 2023-cü ilin noyabr ayından isə ƏMAS-ın elektron funksionallığı artırılaraq məzuniyyət əmrlərinin hazırlanması üzrə yeni bölmə əlavə olunub. İnsan resursları üzrə ekspert Ramin Hacıyev yeni bölmənin iş prinsipi, əmrlərin qeydiyyat prosedurunu açıqlayır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsi işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsinin qaydalarından bəhs edir. Həmin maddənin tələbinə görə, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) aşağıdakı məlumatlar göstərilməlidir:

  • İşçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi);
  • Məzuniyyətin növü;
  • Məzuniyyətin müddəti;
  • Müvafiq iş ili;
  • Məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün.

ƏMAS-da olan yeni funksionallığa əsasən, əmək məzuniyyəti, təhsil və yaradıcılıq məzuniyyəti, hamiləliyə və doğuşa görə məzuniyyət, qismən ödənişli sosial məzuniyyət əmrlərinin hazırlanması imkanı yaradılıb. Bir məqamı da qeyd etmək lazımdır ki, məzuniyyət əmrlərinin ƏMAS üzərindən tərtib olunması mütləq tələb deyil. İşəgötürənlər (İR mütəxəssisləri) istər kağız, istərsə də ƏMAS-da məzuniyyət əmrlərini tərtib edə bilərlər.

ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanması qaydası:

– Əmrlər bölməsi > Əmr yarat > Məzuniyyət əmri yarat > Əmək məzuniyyəti əmri

– Növbəti addımda ərizənin tarixi və nömrəsi müvafiq xanalara əlavə edilir.

– Ardınca hüquqi əsası seçilir. Bu hissədə məzuniyyətin növündən asılı olaraq Əmək Məcəlləsinin müvafiq maddələri qeyd edilməlidir. Məzuniyyətdən hissə-hissə istifadə edilərsə, o zaman 137-ci maddənin müvafiq bəndinə istinad olunmalıdır.

– Növbəti mərhələ – iş ili: iş ilinin bağlanğıc və bitmə tarixləri qeyd edilir, başlanğıc tarix əl ilə yazılır, iş ili üzrə son tarix isə avtomatik qeyd olunur.

– Növbəti mərhələdə əsas və əlavə məzuniyyətlərin gün sayı qeyd edilməlidir.

– Digər bölmədə isə məzuniyyətin başlama və bitmə tarixləri əlavə olunmalıdır. Bu zaman ƏMAS-da 2 variant var. Birinci variant başlama və bitmə tarixlərinin avtomatik hesablanması, ikinci variant isə başlama və bitmə tarixlərinin əl ilə daxil edilməsidir. Birinci variant daha çox beş günlük rejimdə çalışan işçilər üzrə tətbiq olunur. Əgər məzuniyyət dövrünə bayram günləri də təsadüf edərsə, sistem avtomatik olaraq həmin günlərin sayı qədər uzadılma verir və işçinin işə başlama tarixini ona uyğun tənzimləyərək qeyd edir. İkinci variant isə 6 günlük və digər rejimlərdə tətbiq edilir.

– Növbəti mərhələdə məsul struktur bölmənin qeyd edilməsi zərurəti var. Burada məzuniyyət əmrinin icrasının hansı şöbəyə (səlahiyyətli şəxsə) həvalə olunması qeyd edilməlidir. Burada mühasibatlıq və insan resursları şöbəsini qeyd etmək tövsiyə olunur. Əgər həmin hissə boş saxlanılarsa, sistem avtomatik olaraq “İnsan resursları şöbəsi” qeyd edəcək.

– Növbəti addım olaraq məzuniyyət əmrinin tarixi və nömrəsi qeyd edilməlidir. Bununla bağlı tələb odur ki, əmrin tarixi ərizədən əvvəl qeyd olunmasın və məzuniyyətin başlama tarixindən 5 gün əvvələ yazılsın. Əmrin sənəd yükləmək hissəsində isə işçinin yazılı ərizəsi skan edilərək əlavə olunur.

– Növbəti mərhələ: əmr qeydiyyata alınır:

>İcrada olan məzuniyyət əmrləri > Göndər > İmzala

Əmr imzalandıqdan sonra çap edilərək işəgötürən tərəfindən möhürlə təsdiqlənir.

Qeyd edək ki, təhsil məzuniyyəti, sosial məzuniyyət və ödənişsiz məzuniyyət əmrləri də yuxarıda qeyd edilən mərhələlərlə icra olunur. Hüquqi əsaslandırma Əmək Məcəlləsinin müvafiq maddələrinə (təhsil məzuniyyəti-122, 123,124-cü maddələr, sosial məzuniyyət-125, 126,127-ci maddələr, ödənişsiz məzuniyyət-129 və 130-cu maddələr) və əmrin növündən asılı olaraq (təhsil məzuniyyəti-təhsil müəssisəsindən arayış, işçinin ərizəsi, sosial məzuniyyət-xəstəlik vərəqəsi, işçinin ərizəsi və s.) müvafiq rəsmi sənədlər sistemə əlavə olunmalıdır.

Dövlət qulluqçularının əmək məzuniyyətləri ƏMAS-da qeydiyyata alınarkən “Dövlət qulluğu haqqında” Qanunun 30-cu maddəsinin müvafiq bəndləri qeyd edilməklə məzuniyyət əmrləri tərtib olunur.

Məlumat üçün bildirək ki, ƏMAS-da məzuniyyət əmrləri tərtib olunarkən hər hansı bir səhv məlumat daxil edilərsə, yalnız əmrin gücləndirilmiş elektron (ASAN) imza ilə təsdiqindən əvvəlki mərhələsində dəyişiklik etmək imkanı vardır. Əmr gücləndirilmiş elektron (ASAN) imza vasitəsilə təsdiqləndikdən sonra (PIN 2) hər hansı dəyişiklik etmək mümkün deyil. Yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna rəsmi olaraq məktubla müraciət etdikdən və dəyişiklik imkanı yaradıldıqdan sonra bu, mümkün ola bilər. Əmrlər hazırlanarkən qanunverciliyin tələbləri və məlumatların dəqiqliyinə xüsusi diqqət yetirilməlidir.

Mənbə: vergiler.az

Vergi ödəyicisinin fəaliyyətinin aktivləşməsi hansı öhdəliklər yaradır?

1 289 290 291 292 293 294 295 2. 387