Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri

posted in: Uncategorized | 0
  1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu bu qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasibat uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparır.
  2. Mühasibat uçotunun aparılmasında aşağıdakılar təmin edilməlidir:
    • hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotda düzgün əks etdirməli, əmlakın qiymətləndirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə və bu qanuna uyğun hazırlanmış mühasibat uçotu standartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir;
    • hesabat dövründəki (ay, rub, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventarizasiyasının nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registrlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir;
    • gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir;
    • qəbul edilmiş uçot siyasətinə hesabat ili ərzində riayət olunmalıdır.

Uçotda cari xərclərin istehsala (tədavül xərclərinə) və kapital qoyuluşlarına ayrılması dürüst müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları dövriyyə və qalıqlar üzrə sintetik uçot hesablarının məlumatları ilə üzləşdirilərək, onların bərəbərliyi və düzgünlüyü müəyyənləşdirilməlidir.

Mühasibat uçotunun əsas prinsipləri

posted in: Uncategorized | 0

Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:

mühasibat uçotunun fasiləsizliyi: müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı mühasibat uçotunun xüsusi qaydası tətbiq olunması;


mühasibat uçotu hesablarının tətbiqi: müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;


təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı: müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qoruyub saxlaması;


təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı: müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin ehtiyatlılığının təmin edilməsi;


qiymətləndirmənin təminatı: müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərini, öhdəliklərini və digər sərvətlərin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.

Mühasibat uçotunun məcburiliyi və obyektləri

posted in: Uncategorized | 0

Mühasibat uçotunun məcburiliyi

Azərbaycan Respublikasının ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün təsərrüfat subyektləri (müəssisələr, idarələr, təşkilatlar və başqaları bu qanunda bundan sonra müəssisə adlandırılacaqdır) bu qanuna uyğun mühasibat uçotu aparmağa borcludurlar.

Mühasibat uçotunun obyektləri

  1. Mühasibat uçotunun obyektləri aşağıdakılardır: pul və natural ifadədə istifadədə olan və olmayan əmlak (icarəyə götürülən, bağışlanılan, əvəzsiz verilən və s. sərvətlər də daxil olmaqla);
    • istehsalat ehtiyatları və məsrəfləri, hazır məhsullar;
    • qeyri-maddi aktivlər;
    • pul vəsaitləri, qiymətli kağızlar, hüquqi və fiziki şəxslərlə hesablaşmalar, investisiya qoyuluşları;
    • növlər və dövrlər üzrə gəlir və xərclər , mənfəət və zərərlər, mənfəətin istifadəsi (bölgüsü, yığımı), zərərlərin ödənilməsi;
    • əsas vəsaitlərin, azqiymətli əşyaların, qeyri-maddi aktivlərin köhnəlməsi (amortizasiyası);
    • kreditlər və digər borclara görə öhdəliklər, maliyyə təxsisatları və onların istifadəsi;
    • nizamnamə fondu da daxil edilməklə müəssisələrin ehtiyatlarının və digər fondlarının yaradılması, istifadəsi və mühasibat uçotunun hesab planına uyğun digər obyektlər.
  1. Mühasibat uçotunun hesab planına uyğun olaraq bu maddənin birinci bəndində nəzərdə tutulan mühasibat uçotunun obyektləri hökmən sintetik, analitik və subhesablarda, mühasibat registrlərində qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə öz əksini tapmalıdır. Analitik uçotun aparılması qaydası (şəxsi, material və başqa analoji hesabların uçotu da daxil olmaqla) nəzarət və idarəçiliyin tələbindən asılı olaraq müəyyənləşdirilir.

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi

posted in: Uncategorized | 0

Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimlənməsinin əsas məqsədi kommersiya təşkilatları üçün Maliyyə hesabatlarının beynəlxalq standartlarını və onlara əsaslanan Milli Mühasibat Uçotu Standartlarını, qeyri-kommersiya təşkilatları üçün isə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsaslanan Milli Mühasibat Uçotu Standartlarını hazırlamaqla və tətbiq etməklə, ölkədə mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və maliyyə hesabatlarında şəffaflığını təmin etməkdən ibarətdir.

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı:

Maliyyə hesabatlarının beynəlxalq standartlarının və İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının Azərbaycan dilinə tərcüməsini və Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası, Mühasiblərin Beynəlxalq Federasiyası və ya digər aidiyyəti orqanlardan bu tərcümələrin Azərbaycan dilinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının rəsmi mətnləri kimi təsdiq edilməsini təşkil edir;

Milli Mühasibat Uçotu Standartlarını, Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhləri, Tövsiyələri və Uçot Qaydalarını işləyib hazırlayır və təsdiq edir;

İcra hakimiyyəti orqanlarının və büdcədənkənar dövlət fondlarının səlahiyyətləri daxilində onlar tərəfindən işlənib hazırlanmış mühasibat uçotu sahəsində normativ hüquqi aktların və tövsiyə xarakteri daşıyan sənədlərin tətbiq edilməsinə razılıq verir;

Maliyyə hesabatlarının beynəlxalq standartlarında və İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarında dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin Milli Mühasibat Uçotu Standartlarında vaxtlı-vaxtında əks olunması məqsədilə Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası və Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi ilə əməkdaşlıq edir;

Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydalarını hazırlayır və təsdiq edir;

Milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə, peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir.

Kredit təşkilatlarında mühasibat uçotu qaydaları və hesabatların forma, məzmunu və dövriliyi mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.