Maliyyə hesabatlarının məqsədi və istifadəçiləri

posted in: Uncategorized | 0

Maliyyə hesabatlarının məqsədi onun geniş saylı istifadəçiləri tərəfindən iqtisadi qərarların qəbul edilməsi üçün mühasibat uçotu subyektinin maliyyə vəziyyəti, fəaliyyətinin nəticələri və maliyyə vəziyyətindəki dəyişikliklər haqqında əhəmiyyətli hesab olunan informasiyanın təmin edilməsidir.

MALİYYƏ HESABATLARININ İSTİFADƏÇİLƏRİ

Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən,
analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar təmas qruplarından ibarətdir. Bu qruplar və onların müvafiq informasiya ehtiyacları aşağıdakı kimi təsvir edilə bilər:

(a) Səhmdarlar qrupu. Bu qrupa mövcud və potensial mülkiyyətçilər, və əgər mümkündürsə, konvertasiya olunan qiymətli kağızlar və səhmlər üzrə varrantların, opsion müqavilələrinin sahibləri daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması, satılması və ya tutulub saxlanılması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiya ilə təmin olunmalıdır.

(b) Borcverənlər qrupu. Bu qrupa veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borc verən subyektlər daxildir. Borcverənlər borcların və müvafiq faizlərin vaxtlı-vaxtında ödənilib-ödənilməyəcəyi barədə informasiya ilə təmin olunmalıdır.

(c) Muzdlu işçilər qrupu. Bu qrupa müəssisədə keçmişdə, hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar
daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əmək haqlarının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərinin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar.

(ç) Analitiklər və məsləhətçilər qrupu. Bu qrupa maliyyə ekspertləri və tətqiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitlərini əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır.

(d) İşgüzar təmas qrupu. Bu qrupa tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir.

(e) Hökumət. Bu qrupa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və yerli hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə təmin olunmalıdır.

(ə) Cəmiyyət. Bu, müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qrupları təmsil edən qurumlardır. Maliyyə
hesabatları ictimaiyyəti müəssisənin müxtəlif sahələrin fəaliyyətində mövcud olan tendensiyaları və baş vermiş dəyişikliklər haqqında
informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər

Konseptual Əsasların təyinatı, məqsədi və tətbiqi sahəsi

posted in: Uncategorized | 0

Konseptual Əsasların yinatı

Konseptual Əsaslar Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurasının hazırladığı və nəşr etdiyi Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatı üzrə Çərçivə Sənədinə əsaslanır.

Bu Konseptual Əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatlarının hazırlanması qaydalarını nəzərdə tutmur. Həmin tələb və qaydalar Kommersiya Təşkilatları üçün müvafiq Milli Mühasibat Uçotu Standartlarında qeyd edilir. Eyni zamanda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları bu sənəddə öz əksini tapmış prinsiplərə və müddəalara əsasən hazırlanmalıdır.

Konseptual Əsasların təyinatı Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının hazırlanmasında tətbiq ediləcək mühasibat uçotunun fundamental prinsiplərinin müəyyənləşdirilməsi və aşağıdakı hallar üçün təlimat rolunu oynayan bu prinsiplərin məntiqi əsasının təmin edilməsidir:

(a) Milli Mühasibat Uçotu Standartlarını işləyib hazırlayanlar üçün bu standartların hazırlanması və onlara dəyişikliklərin edilməsi;

(b) Maliyyə hesabatlarını hazırlayanlar üçün bu hesabatların Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib edilməsi;

(c) Maliyyə hesabatlarının istifadəçiləri üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edilmiş hesabatların təhlili zamanı.

Konseptual Əsasların məqsədi

Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatlarının şəffaflığının və cavabdehliyin təmin edilməsindən ibarətdir.

Şəffaflıq məfhumu, müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın maliyyə hesabatları istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı olmasını nəzərdə tutur.

Cavabdehlik məfhumu maliyyə hesabatlarını hazırlayanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.

Konseptual Əsaslarn tbiqi sahəsi

Bu Konseptual Əsasların tətbiqi sahəsi Mühasibat balansının, Mənfəət və zərər haqqında hesabatın, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın və Kapitalda dəyişikliklər haqqında hesabatın, həmçinin onlara aid olan qeydlərin, şərhlərin və digər hesabatların hazırlanması və istifadə olunması zamanı tətbiq edilən əsas prinsipləri əhatə edir.

Bu Konseptual Əsaslar ilə Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbləri arasında ziddiyyət yarandıqda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları tətbiq edilir.

 

Əmlakın və öhdəliklərin inventarizasiyası

posted in: Uncategorized | 0
  1. Müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliyinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır.
  2. İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq əmlakın və öhdəliklərin siyahısı müəssisə tərəfindən müəyyən edilir.
  3. İnventarizasiyanın aparılması aşağıdakı hallarda məcburidir:
    • müəssisə əmlakını icarəyə verdikdə, satın aldıqda, satdıqda, habelə dövlət və ya bələdiyyə müəssisəsi, səhmdar cəmiyyəti, yaxud başqa müəssisə kimi yenidən təşkil edildikdə;
    • illik mühasibat hesabatının tərtibindən əvvəl 01 oktyabrdan tez olmayaraq əmlakın və öhdəliklərin mövcud vəziyyətinin tamamilə başdan-başa yoxlanması məqsədi ilə inventarizasiya keçirildikdə;
    • müəssisə ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hallarda;
    • maddi məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
    • oğurluq və ya sui-istifadə, habelə sərvətlərin xarab olması faktları müəyyən edildikdə;
    • yanğın, yaxud təbii fəlakət halları baş verdikdə;
    • sərvətlər yenidən qiymətləndirildikdə;
    • məhkəmənin müvafiq qərarı, müstəntiqin qərarı və ya prokurorluğun yazılı göstərişi olduqda;
    • özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişildikdə inventarizasiya tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə həyata keçirilir
  1. Əsas vəsaitlər üç ildən bir, kitabxana fondu isə beş ildən bir inventarizasiya edilə bilər.
  2. Müəssisə inventarizasiyanın başlandığı və qurtardığı müddət ərzində yeni yaranan maddi sərvətlərin hərəkəti üzərində nəzarəti təmin edir.
  3. İnventarizasiya və digər yoxlamalar zamanı faktiki əmlakın mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğləri aşağıdakı qaydada tənzimlənir:
    • əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan artıqgəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onlar istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri müvafiq olaraq müəssisələrdə təsərrüfat fəaliyyətinin nəticələrinə(mənfəətə), idarələrdə isə maliyyələşmənin (fondların) artırılmasına yönəldilir;
    • müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr və itkilər rəhbərin sərəncamına müvafiq olaraq müəssisələrdə istehsalat və ya tədavül xərclərinə, idarələrdə isə maliyyələşmənin (fondların) azaldılması hesabına silinir.
    • təyin edilməsi mümkün olan, lakin müvafiq normativ sənədlərdə nəzərdə tutulmayan təbii itki normaları mülkiyyətçi tərəfindən təyin edilə bilər;
    • əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən edildiyi vaxtın bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin müəssisə tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən rədd edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər müəssisə rəhbərinin yazılı sərəncamına müvafiq olaraq müəssisələrdə təsərrüfat fəaliyyətinin nəticələrinə (zərərə), idarələrdə isə maliyyələşmənin (fondların) azalmasına silinir;
    • maliyyə öhdəlikləri və hesablaşmalar üzrə məbləğlər dəqiqləşdirildikcə, kənarlaşmalar hesabat ilində mənfəətin (zərərin) artırılmasına (azaldılmasına), yaxud şübhəli borcların ehtiyatı və bu kimi başqa məqsədli fondlar hesabına nizamlaşdırılır.

Mühasibat uçotu registrləri

posted in: Uncategorized | 0

Məzmunu ilkin uçot sənədlərində qəbul edilmiş informasiyaların mühasibat hesablarında əks etdirilməsi üçün onların hökmən mühasibat registrlərində cəmləşdirilməsi və sistemləşdirilməsi zəruridir.

Registrlər xüsusi qrafalara bölünmüş kitablarda (jurnallarda), ayrı-ayrı vərəqələrdə, kartlarda, hesablama texnikasından istifadə edilən zaman maşinoqramlarda, disketlərdə, maqnit lentlərində və bu kimi başqa maşına məlumat daşıyıcılarında başdan-başa, fasiləsiz, xronoloji, sistemli və digər qaydalarda qeydiyyatdan keçirmə yolu ilə yerinə yetirilir.

Registrlərin formalaşdırılması qaydası mühasibat uçotunun standartları ilə nizamlaşdırılır.

Maşına məlumat daşıyıcıları ilə mühasibat uçotu registrlərini yerinə yetirən müəssisələr onların lazımi qaydada istifadəsi üçün mühasibatı müasir uçot texnikası və texniki vasitələrlə təmin etməlidir.


Azərbaycan Respublikası ərazisində olan bütün təsərrüfat subyektləri mühasibat uçotu registrlərini Azərbaycan dilində aparmalıdır.

Xarici mühasibat standartları ilə nizamlaşdırılan xarici mühasibat uçotu registrləri Azərbaycana gətirilən zaman Azərbaycan dilinə tərcümə edilməlidir. Azərbaycan dilindəki mühasibat uçotu registrləri də tədqiqat və başqa lazımi tələblər zamanı tələb olunan başqa dillərə də tərcümə edilə bilər.


Baş kitabın, sintetik hesablar üzrə dövriyyə cədvəlinin düzgün tərtibatına, habelə mühasibat registrlərinin və onlarda əks etdirilmiş məlumatların qorunub saxlanmasına baş (sərbəst) mühasib, yaxud xüsusən bu işlər üçün müəssisə rəhbəri tərəfindən rəsmi təyin edilmiş şəxs cavabdehdir.