“Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanır”

posted in: Xəbər | 0

“Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanır”.

xəbərdarlıq sahibkarlar

“İş yerləri məsələsi ilə bağlı dövlət strukturlarında müvafiq addımlar atılıb. Burada iş yerləri maksimum qorunacaq, ixtisarlar olmayacaq. Özəl sektor işçiləri ilə əlaqədar isə dövlət tərəfindən çoxsaylı dəstək tədbirləri hazırlanır”.

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində deyib.

Nazir bildirib ki, bütün işəgötürənlər dövlət dəstəyinin ediləcəyi haqqında məlumatlandırılıb: “Əmək müqavilələrinin bildirişi elektron sistemi vasitəsilə qeydiyyatdan keçmiş 74 mindən artıq işəgötürənin, hər birinə məlumatlar göndərilib ki, işçiləri ixtisar etmək, onların əmək hüquqlarına etinasız yanaşmaq, onları işdən azad etmək, Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. İşəgötürənlər korporativ məsuliyyət və sosial həmrəylik prinsipinə sadiq olaraq, işçiləri işdən azad etməkdən çəkinməlidirlər”.

“Biz koronavirus pandemiyasından zərər çəkən həssas sektorları müəyyən etmişik. Onlara müvafiq dövlət dəstəyi proqramları hazırlanır. İqtisadi məsələlər üzrə İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə veriləcək dəstəyin mexanizmi hazırlanır, Məşğulluq və əmək münasibətləri üzrə İşçi Qrupu tərəfindən isə işçilərə veriləcək dəstək tədbirləri müəyyənləşdirilir.

Yəni dövlət öz dəstəyini bəyan edib, cənab Prezident koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasını nəzərə alaraq, büdcədən bir milyard manat vəsait ayırıb. Bizim də işəgötürənlərin hər birindən gözləntimiz odur ki, onlar ixtisarlara qəti yol verməsinlər. Biz vətəndaşlarımızın işsizliyinin artmasına imkan verməməliyik”, – deyə nazir bildirib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron müraciət edərkən əməl olunmalı şərtlər

posted in: Xəbər | 0

elektron müraciətBu yazımızda evdə qalaraq bir sıra problemlərinin həlli üçün səlahiyyətli qurumlara müraciət etmək istəyən şəxslər üçün elektron müraciət barədə izah verəcəyik.

Qeyd edək ki, elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir.

Elektron müraciət edərkən Siz səlahiyyətli qurumun yaxud məsul şəxsin rəsmi internet saytına müraciəti göndərməlisiniz.

Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.

Əgər Siz elektron sənəd formasında müraciət göndərirsinizsə, bu halda sənədin elektron imza ilə təsdiqlənməsi mütləqdir.

Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya Sizin xahişinizlə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə elektron ünvanınız göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

Əgər müraciətinizin baxılmamış saxlanmasını istəmirsinizsə, aşağıdakı şərtlərə əməl etməlisiniz:

– müraciət oxunaqlı, anlaşılan dildə, təhqirə və böhtana yol verilmədən yazılmalıdır.

– müraciətdə Sizi eyniləşdirmək üçün ad, soyad, ata adı, ünvan, əlaqə məlumatları mütləq qaydada göstərilməlidir.

– müraciət edərkən dəqiq məzmunu (ərizə, təklif, şikayət olmasını) qeyd etmək zəruridir.

– Müraciət edərkən cavab məktubunun hansı qaydada göndərilməsi xahiş edilə bilər.

Nəzərə almaq lazımdır ki, vətəndaş müraciətlərinə ilkin araşdırma zamanı 15 iş, əlavə araşdırma zamanı 30 iş günü, sorğu göndərilib öyrənilməsi əlavə vaxt tələb edən işlər üzrə əlavə 30 iş günü müddətində baxılır. Əgər müraciətiniz korrupsiya ilə əlaqdəar hallarla bağlıdırsa, 20 iş günü və əlavə 10 iş günü müddətində müraciətə baxılır.

Xatırlatmaq yerinə düşərdi ki, bir sıra qurumlarda əməkdaşların 30 günlük əmək haqqı saxlanmaqla ödənişsiz məzuniyyətə getməsini və son dövrlər baş verən prosesləri nəzərə alaraq müraciətin baxılması müddətinin dəyişəcəyinə anlayışla yanaşmaq lazımdır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisələrdə əlilliyi olan şəxslər üçün kvotalar

posted in: Xəbər | 0

Əlilliyi olan şəxslər kvotalarMüəssisələrdə əlilliyi olan şəxslər üçün kvota.


Əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif normativ hüquqi aktlar qəbul edilib, dövlət tərəfindən proqramlar həyata keçirilib. Sərbəst auditor Altay Cəfərov bu şəxslərin işlə təmin olunmasına dair öhdəliklərə aydınlıq gətirir.

“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanununda əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında müxtəlif tələblər, öhdəliklər, vəzifələr qoyulub. Onların işlə təmin olunması məsələləri isə Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarları ilə tənzimlənir. Həmin qaydalar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Deməli, istənilən kommersiya qurumuna əlillərin işləməsi üçün kvota təyin edilib. Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

Qanunvericiliyə əsasən, kvota əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi təyin edilir:

  • işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
  • işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
  • işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).

Misal 1: Tutaq ki, “AA” MMC-nin 24 nəfər işçisi var. Kvota 25 nəfərdən az işçisi olan müəssisələrə tətbiq edilmədiyinə görə, bu halda MMC-yə kvota tətbiq olunmayacaq.

Misal 2: Tutaq ki, “AA” MMC-nin 25 nəfər işçisi var. Bu halda, həmin şirkətə kvota tədbiq edilir. Yəni həmin müəssisədə 26-cı işçi əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxs ola bilər.

Kvota müəyyən edilərkən işçilərin orta illik siyahı sayı nəzərə alınır. Yəni işəgötürən hər dəfə əvvəlki 12 ay üzrə işçilərin siyahı sayını cəmləməlidir və 12-yə bölməlidir. Kvotalar nəticəyə uyğun müəyyənləşdirilməlidir.

Misal 3: Tutaq ki, “AA” MMC-nin 40 nəfər orta siyahı üzrə işçisi vardır. Burada 40 * 3% = 1,2 nəfər. Göründüyü kimi, tam 2 nəfər olmadığına görə bu işçi sayı 25-40 nəfər arasında olduqda kvota ilə 1 nəfər kifayətlənməlidir. 50 nəfər işçi üzrə də hesablamalar aparsaq, yenə də tam 2 nəfər olmur:

50 * 3% = 1,5 nəfər

Ona görə də 50 nəfər işçisi olan şirkətdə də 1 nəfərlə kifayətlənilir.

Misal 4: Tutaq ki, “AA” MMC-nin 51 nəfər işçisi var. Hesablama belə aparılacaq:

51 * 4% = 2 nəfər.

Qaydalara görə, artıq işçi sayı illik 50-100 nəfər arasında olan müəssisələrdə 4 faiz kvota kimi götürülməlidir. Odur ki, son hədd kimi 100 nəfər olanda kvota üzrə işə 4 nəfər qəbul edilməlidir.

Misal 5: İşçi sayı 100 nəfərdən çox olan halda işə 5 faiz kvota üzrə müəyyənləşdirilir. Tutaq ki, “AA” MMC-nin 190 nəfər illik orta siyahı üzrə işçiləri vardır. Hesablamalar belədir:

190* 5% = 9 nəfər

Deməli, kvota üzrə 9 nəfər əlilliyi olan şəxs işə qəbul edilməlidir.

Qanunvericilikdə yer alan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyaları da nəzərə alınmalıdır. Siyahıya aşağıdakılar aid edilir:

  • 20 yaşadək gənclər;
  • yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
  • sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;
  • pensiya yaşına 2 ildən az qalmış şəxslər;
  • əlilliyi olan şəxslər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər;
  • cəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar;
  • məcburi köçkünlər;
  • müharibə veteranları;
  • şəhid ailələri.

Kvota şamil edilməyən qurumlara bunlar aiddir:

  • dövlət orqanları;
  • mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
  • hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.

Kvotaya əməl etməyən müəssisələr qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilir. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. Şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən göndərilən əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri işə onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Məcəllənin 194-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə tətbiq edilir. Bu inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: İcarə haqlarının dondurulması müzakirə edilməlidir

posted in: Xəbər | 0

icarə haqlarının dondurulmasıMikayıl Cabbarov: “İcarə haqlarının dondurulması müzakirə edilməlidir “.

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı müsahibə verib.

Nazir iqtisadiyyatın hazırkı durumu, dövlət tərəfindən nəzərdə tutulan dəstək tədbirlərinin istiqamətləri, habelə daxili bazarın sosial əhəmiyyət kəsb edən məhsullarla təminatı sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

M.Cabbarov bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır. Ölkə Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat həcmində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki ÜDM-in 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib. Eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr ayıran iş adamlarına və şirkətlərə təşəkkürünü bildirib.

Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparıldığını diqqətə çatdırıb. Bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.

M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalıdır. İmkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər.

Nazir iş yerlərinin və məşğulluğun qorunmasının dövlətin diqqət mərkəzində olduğunu, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib. M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb. Və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun