Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı detallar açıqlandı

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı detallar açıqlandı

xüsusi karantin rejimiBaş Nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

Qərarda deyilir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabadşəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:

1.1.Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın:

1.1.1.nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

1.1.2.ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

1.1.3.muzey və sərgi zallarının fəaliyyəti;

1.1.4.bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

1.1.5.təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

1.1.6.açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

1.2.Aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir:

1.2.1.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası

Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

1.2.2.Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.2.3.mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

1.2.4.dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

1.2.5.hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.2.6.Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.3.Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4.Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.5.Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

1.5.1.təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

1.5.2.ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

1.5.3.yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.6.Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS – məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı ikiindeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:

1.6.1.1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.6.2.2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). 1.7. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.7.1.Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);

1.7.2.Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);

1.7.3.Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM 1111111); nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE 1111111 məzmunlu SMS – məlumatı göndərilməlidir.

1.8.Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS – məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.9.Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS – məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS – məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

1.10.SMS – icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

1.11.Bu Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

1.12.Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

2.Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

3.Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan

Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4.Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.

5.Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

6.Müəyyən edilsin ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 may tarixli 178 nömrəliQərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 19 iyun 2020-ci il

№ 208

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavə

Fəaliyyətinə icazə verilən sahələr

1.Səhiyyə və sosial sahə üzrə:

1.1.elmi tədqiqat və laborator xidmətləri;

1.2.xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

1.3.baytarlıq xidmətləri;

1.4.tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin

istehsalı;

1.5.sosial xidmətlər;

1.6.sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

2.İnfrastruktur sahəsi üzrə:

2.1.kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz

təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2.elektrik enerjisinin istehsalı və təchizatı;

2.3.su təsərrüfatı və meliorasiya;

2.4.telekommunikasiya və rabitə xidmətləri.

3.Nəqliyyat və logistika sahəsi üzrə:

3.1.hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2.dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3.logistika xidmətləri;

3.4.ictimai nəqliyyat və taksi xidmətləri.

4.Əsas istehsalat növləri:

4.1.müdafiə sənayesi məhsullarının istehsalı;

4.2.neft avadanlıqları və qurğularının istehsalı;

4.3.qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4.gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5.kimyəvi məhsulların istehsalı;

4.6.kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7.əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;

4.8.neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9.neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.10.metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11.tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12.mühəndislik və layihələndirmə xidmətləri;

4.13.mülki və sənaye təyinatlı bina və qurğuların, yolların

tikintisi və təmiri;

4.14.qablaşdırma məhsullarının istehsalı;

4.15.daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 4.17. diri heyvanların kəsimi.

5.Pərakəndə və topdan satış üzrə:

5.1.ərzaq məhsullarının satış məntəqələri;

5.2.apteklər;

5.3.yanacaqdoldurma məntəqələri;

5.4.zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5.tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6.onlayn satışlar.

6.Məişət xidmətləri üzrə:

6.1.məişət tullantılarının yığılması və utilizasiyası;

6.2.kimyəvi təmizləmə;

6.3.mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4.avtomobillərin təmiri;

6.5.avtomobil yuyulma məntəqələri;

6.6.heyvan sığınacaqları.

7.Kütləvi informasiya vasitələri.

8.Maliyyə təşkilatları üzrə:

8.1.banklar və bank olmayan kredit təşkilatları, lombardlar;

8.2.investisiya şirkətləri, fond birjaları;

8.3.sığorta təşkilatları;

8.4.ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9.Xüsusi xidmət növləri üzrə:

9.1.çatdırılma xidmətləri;

9.2.tərcümə xidmətləri;

9.3.poçt xidmətləri; 9.4. dezinfeksiya xidmətləri.

Vəkillik fəaliyyəti

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

uçot dərəcəsiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, faiz dəhlizinin aşağı həddi 6,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən olunub.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

AMB bəyan edib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb. Rəsmi statistikaya görə may ayında 0,5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2,9% təşkil edib.

Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5,7%, qeyri-ərzaq məhsulları üzrə 1,4%, xidmətlər üzrə isə 0,4% olub. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10,5%) də təsir göstərir.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin son ayda azaldığını göstərir. May ayında aparılmış sorğunun nəticələrinə görə inflyasiya gözləntiləri əvvəlki aya nəzərən qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə azalıb.

İyun ayında yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla 2020-ci ilin sonuna ən çox ehtimal olunan inflyasiya 3-3,5%-dir ki, bu da hədəf intervalı (4±2%) daxilindədir. İqtisadiyyatda gedən proseslərdən asılı olaraq proqnozlar ilin qalan dövründə müntəzəm yenilənəcək.

Qlobal mühit və xarici sektor göstəriciləri

Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə bir çox ölkələrdə karantin rejiminin nisbətən yumşalması, eləcə də geniş fiskal və monetar stimul tədbirlərinin reallaşdırılması iqtisadi bərpaya və bazarlara müsbət impulslar verib. Bununla belə koronavirus pandemiyasının neqativ təsirləri nəticəsində qlobal iqtisadi aktivlik göstəriciləri son dekadaların tarixi minimumlarına yaxın səviyyələrdə qalır.

Tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEC+ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlayıb. İyunun ötən dövründə “Brent” markalı neftin orta qiyməti 40 ABŞ dolları olub ki, bu da mayın orta qiymətindən (32,5 ABŞ dolları) 23%, aprelin orta qiymətindən isə (27,1 ABŞ dolları) 48% yüksəkdir.

Bu ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da, xarici ticarət balansı profisitli qalıb. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil.

Monetar şərait

Ötən toplantıdan keçən müddətdə likvidlik və kreditləşdirmə şəraitinə pul siyasəti qərarları ilə yanaşı vahid xəzinə hesabından həyata keçirilən dövlət büdcəsi xərcləri, əhalinin və biznesin dəstəklənməsi üçün tətbiq olunan tənzimləyici güzəştlər təsir göstərib.

Valyuta bazarında vəziyyət may ayında da sabit olaraq qalıb. AMB-nin keçirdiyi hərraclarda təklif tələbi üstələyib, tələb başlıca olaraq idxalla əlaqədar olub. Azərbaycanın başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında vəziyyətin stabilləşməsi manatın nominal və real effektiv məzənnələrinin dinamikasının stabilləşməsi ilə müşayiət olunur.

Pul bazası aprel ayının sonundan bəri 8% artıb, ilin əvvəlindən bəri isə 10,6% azalıb.

AMB-nin pul siyasəti alətləri faiz dəhlizi parametrləri çərçivəsində tətbiq olunub. Depozitlərin cəlbi və qısamüddətli notların yerləşdirilməsi üzrə AMB-nin təşkil etdiyi hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub, bu alətlər üzrə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxınlaşıb.

Manatla yeni əmanət və depozitlər, habelə yeni kreditlər üzrə son ayda faiz dərəcələri fiziki və hüquqi şəxslər üzrə fərqli istiqamətlərdə dəyişib. İyunun 1-dən başlayaraq manatla sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin yüksəlməsinin de-dollarlaşma proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir.

Əhali və biznesin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi pandemiya şəraitində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.

İqtisadi aktivlik

Pandemiyanın Azərbaycanda daxili iqtisadi aktivliyə neqativ təsirləri may-iyun aylarında davam edib. AMB-nin apardığı real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olub.

Bu ilin 5 ayında rəsmi statistikaya görə iqtisadiyyatın baza sahələrində (qeyri neft-qaz sənayesi və kənd təsərrüfatı) iqtisadi artım davam edib.

Məcmu tələbin bütün komponentlərində azalma qeydə alınıb. Yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 1,7%, o cümlədən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14,9% azalıb. Qeyri-neft sektoruna investisiya qoyuluşları 16,7% azalıb.

Hökumətin sosial xərclər üzrə öz öhdəliklərini tam yerinə yetirməsi və əlavə dəstək tədbirləri, sinxronlaşdırılmış makroprudensial tədbirlər iqtisadi aktivliyin daha çox azalmasının qarşısını alır, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan verir.

İnflyasiya riskləri

İnflyasiyanın risklər balansı hazırda başlıca olaraq pandemiyanın qlobal iqtisadi aktivliyə və Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlıdır. Bu təsirlərin dərinliyi və davamlılığı ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Xarici mühitlə bağlı əsas risk neftin qiymətinin yenidən kəskin enişidir ki, bu da COVID-19-a ikinci yoluxma dalğası, ABŞ-la Çin arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi və ayrı-ayrı ölkələrdə sosial-siyasi gərginliklərdən irəli gələ bilər. Yeni iqtisadi normallıqların yarandığı bu şəraitdə milli iqtisadiyyatın yenidən balanslaşmasına start verilib. Yenidən balanslaşma xarici mühitdəki dəyişikliklərin daxili mühitə ötürülməsinin hamarlanmasına, iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi ilə makroiqtisadi və maliyyə sabitliyi arasında balansın qorunmasına imkan verməlidir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər, makroiqtisadi sabitlik hədəflərilə iqtisadi aktivliyin dəstəklənməsi prioritetlərinin uzlaşdırılması əsas götürüləcək. AMB bundan sonra da ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, inflyasiyanın elan edilmiş hədəf çərçivəsində saxlanılması üçün mandatına uyğun olaraq bütün mümkün tədbirləri görəcək.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur

posted in: Xəbər | 0

Əmək MüfəttişliyiƏmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və əmək sahəsində məsələlərin müzakirəsinə həsr olunmuş video formatında keçirilən iclasda deyib.

Nazir qeyd edib ki, əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır: “Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi “Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir”.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirləri qorunması işləri davam edir. “Əmək müqaviləsi bildirişi” altsistemində bununla bağlı işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. Həmçinin e-sistem üzərindən bu istiqamətdə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir. Karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkətinə şərait yaratmaq üçün e-sistemə real olmayan əmək müqaviləsi bildirişləri daxil etdiklərinə əsaslı şübhələr yaranan işəgötürənlərlə bağlı məlumatlar da hüquq-mühafizə orqanlarına təqdim edilir”.

Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini deyən S.Babayev “Qeyri-formal məşğulluğa nəzarət” Vahid İnformasiya Sisteminin yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işləri da davam edir.

İclasda “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemlərinin, fərdi uçot sisteminin müqayisəli təhlilllərinin aparılması, həmçinin İcbarı Sığorta Bürosunun informasiya sistemi ilə müqayisəli təhlil aparılmaqla sığorta müqaviləsi bağlamamış işəgötürənlərin müəyyənləşdirilməsi üçün görüləcək işlər nəzərdən keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunub.

Xidmətin Mərkəzi Laboratoriyasının bazasında Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, Xidmətin kadr potensialının artırılması və işəgötürənlər üçün maarifləndirmə işlərinin təşkili, risk əsaslı yoxlama mexanizminin və əməyin mühafizəsi üzrə standart, norma və qaydaların mənimsənilməsi üçün müfəttişlərin iştirakı ilə treninqlərin təşkili, əməyin mühafizəsi sahəsində iqtisadi fəaliyyət sahələri üzrə norma və standartların hazırlanması və s. məsələlər müzakirə edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DMX əcnəbilərə müraciət etdi

posted in: Xəbər | 0

DMXDövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunub və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılıb.

Qeyd olunub ki, bu, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması ilə əlaqədardır.

“Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur”,  məlumatda bildirilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun