» » » Xaricə ezam olunan işçinin xərclərinin hesablanması qaydası

Xaricə ezam olunan işçinin xərclərinin hesablanması qaydası

posted in: Xəbər | 0

Mühasibləri, HR-ləri maraqlandıran məsələlərdən biri də işçilərin ezamiyyətdə olduğu müddətin müəyyənləşdirilməsi, normalar hesabına mehmanxana və gündəlik xərclərinin ödənilməsidir. Həmin məqamlarla bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir. 

İşçilərin ezamiyyə xərclərinin hesablanması, ödənilməsi kimi məsələlər Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı və Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli Q-01 saylı “İşçilərin ezamiyyə qaydaları” adlı qərarı ilə tənzimlənir. Qaydaların 6-cı bəndinə əsasən, işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyə ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Respublika ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə olunur.
Həmin məqamları konkret bir neçə nümunə üzərində nəzərdən keçirək.

Misal 1

İşçi 18 may tarixdən 21 may tarixinə kimi İstanbul şəhərinə ezamiyyətə göndərilib. Bununla bağlı şirkət rəhbərliyi əmr imzalayıb və əmrdə işçinın 18-21 may tarixlərində 4 gün müddətində ezamiyyətə göndərilməsi qeyd edilib. İşçi 22 may tarixində işdə olmalıdır. İşçi təyyarə biletini şirkətə təqdim edə bilməyıb, ona görə də şirkət nəqliyyat xərcini ona ödəməyıb. Bu halda işçinin ezamiyyə xərcləri nə qədər olacaq?

“Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən, İstanbul şəhərinə ezamiyyə norması 220 avrodur. Bunun 60%-ni mehmanxana xərcləri, 35%-ni gündəlik yemək xərcləri, 5 faizini isə şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.

Biznes hesabi

Nəzərə alaq ki, işçinin təqdim etdiyi pasport qeydlərinə ölkədən çıxış 18 may, Türkiyədən çıxış 20 may və Azərbaycan Respublikasına giriş 21 may tarixləri yazılıb, o halda ezamiyyə zamanı mehmanxana və digər xərcləri müəyyənləşdirək.

İşçi faktiki olaraq Azərbaycan Respubliksından 18 mayda çıxdığına görə, gündəlik və digər xərclər bu tarixdən hesablanır. Bundan əlavə, işçinin faktiki olaraq ezamiyyə yerindən 20 mayda çıxmasına baxmayaraq Azərbaycan Respublikasına daxilolma tarixi 21 may olduğuna üçün bu xərclərin son tarixi 21 may olacaq. Çünki ezamiyyətdə olma müddəti pasport və ona bərabər tutulan sənəddəki ölkədən getmək və gəlmək haqqında qeydlərlə müəyyənləşir. Odur ki, gündəlik xərclər 18, 19, 20 və 21 may tarixləri üçün, yəni 4 gün müddətinə hesablanacaq.

Mehmanxana xərcləri üçün isə başlama tarixi 18 may, sona çatma tarixi isə 21 may yox, 20 may tarixi olacaq. Çünki pasportda ölkəyə qayıtma tarixi 21 may yazılıb. İşçi faktiki olaraq 21 mayda mehmanxanada qalmamış sayılır. Belə olan halda da mehmanxana xərcləri 18, 19 və 20 may tarixləri üçün, yəni 3 gün müddətinə hesablanmalıdır.

Nəticədə, nümunədəki işçinin 18-21 may ezamiyyə zamanı xərclərinin hesablanması aşağıdakı kimi olacaq:

4 x (220 x 40%) = 352 avro;
3 x (220 x 60%) = 396 avro;
CƏMİ ezamiyyə xərcləri: 352 + 396 = 748 avro.

Misal 2

İşçi 18 maydan 21 maya kimi İstanbul şəhərinə ezamiyyətə göndərilib. Bununla bağlı şirkət rəhbərliyi əmr imzalayıb və əmrdə işçinın 18-21 may tarixlərində 4 gün müddətində ezamiyyətə göndərilməsi yazılıb. İşçi 22 mayda işdə olmalıdır. İşçi təyyarə biletini təqdim edib. Biletdə uçuş tarixi 18 may saat 15.00-dır. Təyyarə İstanbula 18 may saat 18.00-da çatıb. Eyni zamanda, geri qayıtma tarixi 20 may saat 22.00 və Bakıya çatma 21 may saat 01.00 göstərilib. Təyyarə biletinin qiyməti 500 avrodur. Bəs bu halda ezamiyyə xərcləri nə qədərdir?
Burada da faktiki ezamiyyətə getmə vaxtı 18 may və ezamiyyətdən qayıdıb Azərbaycan Respublikasına daxil olma tarixi 21 maydır. Ona görə də gündəlik xərclər əvvəlki misalda olduğu kimi qalacaq:
4 x (220 x 40%) = 352 avro.

Mehmanxana xərcləri üçün tarix yenə də faktiki olaraq 18 may olacaq. “İşçilərin ezamiyyə qaydaları”nın 8-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, saat 00-dan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması gün də eyni qayda ilə təyin edilir.

Bu qaydalar ümumilikdə həm respublika daxilində və həm də xaricdə olan ezamiyyələr üçün nəzərdə tutulub. Qaydalardan da göründüyü kimi, ezamiyyətə gedən gün nəqliyyat vasitəsinin yola düşdüyü və ezamiyyətdən qayıdan gün də nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün sayılır. Ancaq burada incə bir məqam var. Nəqliyyat vasitəsi saat 24-ə kimi yola düşərsə, həmin gün ezamiyyətə gedən və ya qayıdan gün sayılır. Yəni, misalımızda da nəqliyyat vasitəsi 18 may saat 23.00-da yola düşdüyündən, başlama tarixi 18 may tarixi olacaq. Geri qayıtma 20 may saat 22.00-da olduğuna baxmayaraq, faktiki Azərbaycan Respublikasına daxil olan tarix 21 may saat 01.00 olduğuna görə, ezamiyyətin başa çatma tarixi 21 may olacaq. Belə olan halda, mehmanxana xərcləri yenə də 18, 19, 20 may tarixlərinə, yəni 3 gün üçün hesablanacaq:
3 x (220 x 60%) = 396 avro.

Nəticədə aydın olur ki, ikinci misalda da hesablamalar birinci misalda olduğu kimi aparılacaq, əlavə olaraq 500 avro nəqliyyat xərci ödəniləcək:
352 + 396 + 500 = 1248 avro.

Misal 3

İşçi 18 may tarixdən 21 may tarixinə kimi İstanbul şəhərinə ezamiyyətə göndərilib. Bununla bağlı şirkət rəhbərliyi əmr imzalayıb və əmrdə işçinın 18-21 may tarixlərində 4 gün müddətində ezamiyyətə göndərilməsi yazılıb. İşçi 22 mayda işdə olmalıdır. İşçi təyyarə biletini təqdim edib və təyyarə biletində uçuş tarixi 18 may saat 23.00-dır. Təyyarə İstanbula 19 may saat 02.00-da çatıb. Eyni zamanda geri qayıtma tarixi 20 may saat 22.00 və Bakıya çatma 21 may saat 01.00 olub. Təyyarə biletinin qiyməti 500 avrodur. Bu halda ezamiyyə xərcləri nə qədərdir?
Burada da faktiki ezamiyyətə gedən vaxt 18 may və Azərbaycan Respublikasına daxilolma tarixi 21 maydır, ona görə də gündəlik xərclər əvvəlki misalda olduğu kimi aparılacaq:
4 x (220 x 40%) = 352 avro.

Mehmanxana xərcləri üçün tarix yenə də faktiki olaraq 18 may olacaq. “İşçilərin ezamiyyə qaydaları”nın 8-ci bəndinə əsaslanaraq, ezamiyyətə gedən gün nəqliyyat vasitəsinin yola düşdüyü və ezamiyyətdən qayıdan gün də nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün sayılır. Ancaq burada incə bir məqam var. Nəqliyyat vasitəsi 24-ə kimi yola düşərsə, həmin gün ezamiyyətə gedən və ya qayıdan gün sayılır. Yəni, nümunədə nəqliyyat vasitəsi 18 may saat 23.00-da yola düşdüyündən başlama tarixi 18 may və geri qayıtma 20 mayda saat 22.00 olduğuna baxmayaraq, faktiki Azərbaycan Respublikasına daxil olma tarixi 21 may saat 01.00 olduğuna görə ezamiyyətin başa çatma tarixi 21 may olacaq. Belə olan halda da mehmanxana xərcləri ancaq 19 və 20 may tarixlərinə, yəni 2 gün üçün hesablanacaq:

2 x (220 x 60%) = 264 avro.

İşçinin ezamiyyətə gedən günü 18 maydır və gündəlik xərclər də 18 maydan hesablanılır, amma mehmanxanadan faktiki istifadə tarixi 19 maydan başlandığına görə, mehmanxana xərcləri də 19 maydan hesablanmağa başlanılır.

Odur ki, sonda bu nəticəyə gəlmək olur ki, xarici ezamiyyələr zamanı əsas məqam nəqliyyat vasitəsinin yola düşmə, qayıtma tarixi və saatlarıdır.

Həmçinin, “İşçilərin ezamiyyə qaydaları”nın 4-cü bəndinə əsasən, işçilərin ezamiyyət müddəti təşkilat rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.

Göründüyü kimi, ezamiyyələr zamanı yolda olan müddətin nəzərə alınmamasına təşkilat rəhbərləri diqqət yetirməlidirlər.Yəni işçini ezamiyyətə göndərəndə tarixləri, müddətləri elə formalaşdırmalıdırlar ki, həm işçinin boş vaxtı formalaşmasın, həm də onlara əlavə ezamiyyə xərcləri ödənilməsin.

Mənbə: vergiler.az

İcbari sığorta şəhadətnamələrinin VÖEN üzrə satışında fasilə yarana bilər

error: Content is protected !!