» » » Vergilər Nazirliyində sahibkarlarla növbəti görüş keçirilib

Vergilər Nazirliyində sahibkarlarla növbəti görüş keçirilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyində sahibkarlarla növbəti görüş keçirilib.

Vergilər Nazirliyində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) nümayəndələri ilə növbəti görüş keçirilib.

Görüşdə Vergilər Nazirliyində yenicə yaradılmış Vergi Ombudsmanı İnstitutunun fəaliyyət istiqamətləri, sahibkarların hüquqlarının qorunması sahəsində atılacaq addımlar, vergi sistemində həyata keçirilən islahatların effektivliyinin artırılması üçün görülən işlər və ASK ilə gələcək əməkdaşlıq məsələri müzakirə olunub.

Görüşdə Vergilər nazirinin müşaviri, Vergi Ombudsmanı İnstitutunun rəhbəri Elçin Məmmədov yeni yaradılan qurumun strukturunun formalaşdırılması, hüquq və vəzifələri, əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qeyd edib ki, Vergilər Nazirliyinin nəzdində yaradılan və birbaşa nazirə tabe olan Vergi Ombudsmanı İnstitutu mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla vergi ödəyicilərinin hüquqlarını daha etibarlı şəkildə qorunmasına xidmət edəcək: “Vergi Ombudsmanının əsas fəaliyyəti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısını almaq və pozulmuş hüquqları bərpa etməkdir. Ombudsman vergi ödəyiciləri tərəfindən daxil olan müraciətlərin monitorinqini aparmaq, əgər ehtiyac yaranarsa, ona öz rəyini bildirmək hüququna malikdir. Vergi Ombudsmanı tərəfindən verilmiş rəy tövsiyə xarakteri daşıyacaq.

Bununla yanaşı, Vergi Ombudsmanı vergi ödəyicisinin müraciətində qaldırılan məsələni Vergilər nazirinə məruzə etməklə onun həlli barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Vergi Ombudsmanı bütün məsələlərlə əlaqədar daxil olmuş müraciətləri ümumiləşdirərək həm kollegiyaya çıxara, həm də birbaşa Vergilər nazirinə məruzə edə bilər. Qanunlara əməl edən vergi ödəyiciləri Vergi Ombudsmanı İnstitutunun timsalında özlərinə çox güclü tərəfdaşlar tapacaqlar. Öz fəaliyyətində vergi qanunvericiliyinin tələb və normalarından kənara çıxan vergi orqanlarının əməkdaşları isə çox güclü müqavimətlə rastlaşacaqlar”.


Teleqram kanalımıza üzv olun


Daha sonra Vergi Məcəlləsində edilmiş dəyişikliklərlər, habelə “kölgə iqtisadiyyatı”nın azaldılması, vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Vergilər nazirinin müşaviri Elçin Məmmədov, Nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov ASK nümayəndələrini maraqlandıran sualları cavablandırıb, onların təkliflərinə münasibət bildiriblər.

ASK nümayəndələri müəssisələrdə sənədsiz vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiya) verilməsi və qiymətləndirmə sənədinin ilkin sənəd kimi qəbul edilməsi, Vergi Məcəlləsindəki ifadələrin mənalarının dəqiq təsbit edilməsi, bəndlərin konkretliyi və şamil olunmasının açıq şəkildə göstərilməsi, Vergi Məcəlləsinə son dəyişikliklərin icrasını təmin edən əlavə normativ hüquqi aktların qəbulu, elektron qaimə-fakturaların tətbiqi qaydalarının təkmilləşdirilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin diferensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasının asanlaşdırılması və operativliyin təmin olunması kimi məsələlərlə bağlı təkliflərlə çıxış ediblər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.