Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.
Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.
Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.
Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.
Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.
Mənbə: apa.az