» » » Vergi yoxlamalarında yenilik – Elektron xidmətlər sistemi tətbiq ediləcək

Vergi yoxlamalarında yenilik – Elektron xidmətlər sistemi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi keyfiyyətli və geniş spektrli elektron xidmətlər sistemi tətbiq etməklə sahibkarlarla vergi orqanları arasında canlı təmasları minimuma endirəcək.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Elektron audit şöbəsinin rəhbəri Eldəniz Rəhimovun sözlərinə görə, vergi nəzarəti sisteminin əsas hissəsi hesab olunan vergi yoxlamalarının aparılmasında ən səmərəli mexanizm elektron auditin (e-audit) tətbiqidir. E-audit ən yaxşı nəzarət vasitəsi kimi vergiödəyicisinin elektron formatda saxlanılan maliyyə məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradır, vergi orqanı əməkdaşının vergiödəyicisinin işinə müdaxilə etməsini aradan qaldırmaqla vergi nəzarətinin aparılmasında şəffaflığı təmin edir.

Qeyd olunub ki, bu, həm vergi orqanları, həm də vergiödəyiciləri üçün vaxt sərfiyyatını dəfələrlə azaldır. E-audit sayəsində vergi orqanları vergidən yayınan vergi ödəyicilərini vaxtında aşkarlaya və müvafiq tədbirlər görə bilir, nəticədə vergi intizamı güclənir, könüllü əməletmə dərəcəsinin yüksəlməsi və vergi inzibatçılığının cari xərclərinin azalması hesabına büdcə daxilolmalarında artım baş verir. Təhlillərin nəticələrinə görə, e-auditin tətbiq edildiyi təsərrüfat subyektlərində könüllü əməletmə səviyyəsi 90 faizdən yüksəkdir.

Bundan başqa, 2018-ci ildə sahibkarların yoxlama və nəzarət tədbirləri ilə üzləşməməsi üçün onlarla təşviqedici işlər aparılacaq.

Sahibkarlar yoxlamalarla bağlı nazirliyin internet resursları, Çağrı Mərkəzi və digər kanallarla məlumatlandırılacaq. Vergilər Nazirliyinin internet saytındakı “Vergi yoxlamaları: əsaslar və prosedurlar” səhifəsində vergi orqanları tərəfindən aparılan yoxlamaların reqlamenti, eləcə də hüquqi əsasları barədə dolğun məlumatlar yerləşdirilib, həmin resursların isə daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Sahibkarlar həmin məlumat kanalları vasitəsilə öz təsərrüfat subyektlərində aparılan yoxlamaların predmeti, nəticələri haqqında lazımi informasiyalar əldə etmək imkanı qazanırlar. Bütün bu tədbirlərin əsas məqsədi şəffaflığı təmin etməkdir.

Mənbə: azertag.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az