Vergilər Nazirliyinin təqdim etdiyi bu xidmət vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə olunaraq elektron formada ödənilməsini əhatə edir. Vergi və rüsumların elektron ödənişi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin «İnternet Vergi İdarəsi» portalının (https://www.e-taxes.gov.az) «Elektron ödəmə» bölməsində aparılır.
Elektron xidmət tam avtomatlaşdırılmışdır və icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır. Xidmətin həyata keçirilməsi nəticəsində vəsait kart sahibinin bank hesabından silinərək müvafiq xəzinədarlıq orqanında olan büdcə hesabına köçürülür. Aparılmış hər bir əməliyyat üzrə real vaxt rejimində elektron formada 30-60 saniyə ərzində Vergilər Nazirliyinə məlumat ötürülür.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Kart sahibindən aparılmış hər bir əməliyyata görə Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişlə tənzimlənən tarif əsasında avtomatik rejimdə müvafiq bank idarəsinin xeyrinə xidmət haqqı tutulur. Bu elektron xidmətdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış bütün şəxslər istifadə edə bilərlər. Vergi və rüsumların elektron şəkildə ödənilməsi üçün sənəd tələb olunmur. Xidmətdən yararlanmaq üçün istifadəçi ödəniş kartına malik olmalıdır.
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Mərkəzi Bankın KÖMİS sistemində ödəyici haqqında məlumatın, ödəyicinin qeydiyyatdan keçdiyi region üzrə yerli xəzinədarlıq orqanının bank rekvizitlərinin və büdcə təsnifatının kodunun mərkəzi informasiya bazasında olması yoxlanılır və büdcə səviyyəsinin, büdcə təşkilatının kodu avtomatik rejimdə müəyyənləşdirilərək ödəniş tranzaksiyasına əlavə edilir. Ödəniş kartının məlumatları və kart hesabında kifayət qədər vəsaitin olmasına müvafiq prosessinq mərkəzi tərəfindən nəzarət edilir.
Vergi və rüsumların elektron ödənişi üzrə sorğu elektron imzadan və ya vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müqavilə əsasında verilmiş şifrə və paroldan istifadə edilməklə nazirliyin İnternet Vergi İdarəsi portalı üzərindən verilir. İstifadəçi tərəfindən aparılmış hər bir ödəniş üzrə əməliyyat aparıldıqdan sonra 30-60 saniyə ərzində KÖMİS vasitəsilə Vergilər Nazirliyinə məlumat ötürülür. Gün ərzində aparılmış ödənişlərin klirinq prosesi növbəti ilk əməliyyat günü həyata keçirilir. Vergi və rüsumların elektron formada ödənilməsindən ödəniş kartının məlumatları yanlış olduqda, hesabda vəsait olmadıqda sistem tərəfindən bu barədə istifadəçi interfeysi vasitəsilə ödəyiciyə müvafiq xəbərdarlıq edilir. İmtinaya əsas olmadıqda ödəniş aparılır.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir. Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Mənbə: vergiler.az