» » » Vergi qanunvericiliyində ediləcək dəyişikliklər açıqlanıb

Vergi qanunvericiliyində ediləcək dəyişikliklər açıqlanıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiBu il vergi qanunvericiliyində dəyişikliklərlə bağlı bir sıra təkliflər təqdim olunacaq.

Bunu mayın 25-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr edilmiş konfransda vergilər naziri Mikayıl Cabbarov bildirib.

Konfransda çıxış edən nazir vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. M.Cabbarov qeyd edib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması nəzərdə tutulur. Vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə dövlət başçısının tapşırığı ilə vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən islahatdır. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcək.

Vergi qanunvericiliyinə ediləcək digər dəyişikliklər vergi uçotunun bərpası və şəffaflaşdırılması, həmçinin vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır. Nazir vurğulayıb ki, vicdanlı vergiödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergiödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, bütün vasitələrlə onun qarşısını almaqdır. Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün fərdi yanaşma metodu tətbiq edilməlidir. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr pozitiv dəyərləndirilir. Lakin şüurlu sürətdə vergidən yayınan sahibkara vergidə güzəşt edilməsi məqbul sayıla bilməz.

Vergilər naziri 2018-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayının 40 faiz azaldığını da qeyd edib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.