» » » Vergi inzibatçılığının inkişafında tətbiq olunan effektiv mexanizmlər

Vergi inzibatçılığının inkişafında tətbiq olunan effektiv mexanizmlər

posted in: Xəbər | 0

Rəqəmsal iqtisadiyyat üzrə vergitutmanın təkmilləşdirilməsi iqtisadi münasibətlərin rəqəmsallaşması, elektron ticarətin genişlənməsi və xarici şirkətlərin fiziki olaraq ölkədə mövcud olmadan yerli istehlakçılara xidmət göstərməsi ilə bağlı proseslərin səmərəli tənzimlənməsi üçün xüsusi əhəmiyyət daşıyır. Ənənəvi iqtisadiyyatda şirkətin fəaliyyəti, gəlirləri və vergi öhdəlikləri əsasən onun fiziki mövcudluğu ilə əlaqələndirilirdisə, rəqəmsal iqtisadiyyatda şirkət başqa ölkədə yerləşərək internet vasitəsilə milyonlarla istehlakçıya xidmət göstərə bilər. Bu isə vergitutma qaydalarının müasir iqtisadi münasibətlərə uyğunlaşdırılmasını zəruri edir.

Xarici şirkətlər digər ölkələrdə fiziki ofis açmadan elektron kitablar, proqram təminatı, onlayn reklam, musiqi və digər rəqəmsal xidmətlər təqdim edə bilirlər. Bu fəaliyyətlərin vergiyə cəlb edilməsinin effektiv mexanizmi olmadıqda, həmin əməliyyatlardan yaranan vergi gəlirlərinin dövlət büdcəsinə daxil olmasında da çətinliklər yaranır. Vergitutmanın təkmilləşdirilməsi rəqəmsal xidmətlərin qanunvericiliyə uyğun vergiyə cəlb edilməsinə və ölkənin vergi bazasının qorunmasına kömək edir.

Rəqəmsal iqtisadiyyat üzrə vergitutmanın təkmilləşdirilməsi Azərbaycanda
müasir biznes mühitinin formalaşdırılmasının vacib istiqamətlərindən biridir

Rəqəmsal mühitdə şəffaf vergitutma alətləri

Rəqəmsal iqtisadiyyat üzrə vergitutmanın təkmilləşdirilməsi Azərbaycanda müasir biznes mühitinin formalaşdırılmasının vacib istiqamətlərindən biridir. Bu proses dövlət büdcəsinin gəlirlərinin qorunmasına, yerli və xarici şirkətlər arasında rəqabət şəraitinin yaxşılaşdırılmasına, vergi şəffaflığının artırılmasına və vergi inzibatçılığının rəqəmsallaşdırılmasına xidmət edir. Bu baxımdan, Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Biznes hesabi

İqtisadiyyatın rəqəmsallaşması nəticəsində sürətlə inkişaf edən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb olunması, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə Vergi Məcəlləsinə yeni maddələr əlavə edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təlimatlarında müəyyən olunmuş tövsiyələri əhatə edən, daxili bazarda fiziki mövcudluğu olmadan rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən subyektlərin vergiyə cəlb edilməsinin səmərəliliyini artıran, habelə qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla, elektron ticarət qaydasında vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən aparılan əməliyyatlara tətbiq edilməsi istiqamətində Dövlət Vergi Xidməti tərəfindən platforma yaradılıb. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində olan bu platforma vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin uçota alınması prosesi reallaşdırılır. Bu çərçivədə artıq 20-dən çox şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı qüvvəyə minib. Azərbaycanın bu istiqamətdə vergi qanunvericiliyini və elektron inzibatçılıq sistemlərini təkmilləşdirməsi beynəlxalq təcrübəyə uyğunlaşmağa və rəqəmsal iqtisadiyyatda yaranan vergi risklərini azaltmağa kömək edir.

Azərbaycanın vergi qanunvericiliyini və elektron inzibatçılıq sistemlərini təkmilləşdirməsi
beynəlxalq təcrübəyə uyğunlaşmağa və rəqəmsal iqtisadiyyatda yaranan vergi risklərini azaltmağa kömək edir

Beynəlxalq standartların tətbiqi ilə təkmilləşən biznes mühiti

Vergi qanunvericiliyinin fəaliyyət göstərən şirkətlərə uyğun və ardıcıl tətbiqi yerli biznesin rəqabət qabiliyyətinin qorunmasına və bazarda daha ədalətli şəraitin formalaşmasına kömək edir. Rəqəmsal əməliyyatların sərhədlərarası xarakter daşıması vergi orqanlarının gəlirləri və əməliyyatları izləməsini çətinləşdirə bilər. Elektron qeydiyyat, bəyannamələrin təqdim edilməsi və verginin ödənilməsi mexanizmləri bu çətinliklərin azaldılmasına imkan verir. Rəqəmsal iqtisadiyyatın qlobal xarakteri ölkələr arasında vergi əməkdaşlığını və beynəlxalq standartların tətbiqini vacib edir. İƏİT-in yanaşmaları da sərhədlərarası rəqəmsal xidmətlər üzrə ƏDV-nin səmərəli toplanmasına və vergitutma hüququnun düzgün müəyyən edilməsinə diqqət yetirir. Bu baxımdan, beynəlxalq təcrübələrin milli qanunvericilikdə nəzərə alınması rəqəmsal iqtisadiyyatın şəffaf vergiyə cəlb edilməsinə, vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsinə və yerli və xarici şirkətlər arasında ədalətli rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

Mənbə: vergiler.az

Alternativ enerji fəaliyyəti üzrə xərclərin uçota alınması