Vergi daxilolmaları 16,5 faiz artıb.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
2019-cu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat, xərcləri isə 5 milyard 35,9 milyon manat olub.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin profisiti 403,8 milyon manat təşkil edib. Büdcənin mədaxili 2018-ci ilin müvafiq rübü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.
Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur. Həmin vəsaitin 69,1 faizi və ya 1 milyard 155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 1 milyard 14,1 milyon manat vəsait təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur. Birinci rübdə Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 615 milyon manat vəsait transfert edilib.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 93,8 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 22,3 milyon manat çoxdur.
Mənbə: vergiler.az