» » » Turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəlikləri

Turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəlikləri.


Teleqram kanalımıza üzv olun


Vergilər Nazirliyi turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi qaydalarına aydınlıq gətirib.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Buna görə də aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlər (turagentlər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itiriblər. İndi aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Onların vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir və turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridir.

Biznes hesabi

Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə edilən komisyon haqlarının həcmi 200 min manatdan artıq olduqda, həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Xarici turistlərə xidmət göstərən turoperatorların gəlirləri də ƏDV-yə cəlb edilir. Qanuna əsasən, xaricdən alınan vəsait turizm xidmətini göstərən turoperatorun vergiyə cəlb olunan gəlirlərinə aid edilir və həmin xidmətlərə görə daxil olan vəsait ƏDV və mənfəət vergisinə cəlb edilir. Turoperatorların xarici turistlərə göstərdikləri xidmətlər Azərbaycan Respublikasında həyata keçirilən xidmətlər hesab olunur və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Eyni zamanda, daxil olan vəsait tam həcmdə turoperatorun gəlirlərinə, bu xidmətlərin həyata keçirilməsinə görə çəkilən xərclərə, o cümlədən otellərdə qonaqlama xidmətlərinə görə, iaşə obyektlərində göstərilən xidmətlərə görə, nəqliyyat xərclərinə və işçilər üzrə əməkhaqqı və sosial sığorta ödəmələrinə görə, habelə digər gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan fərq məbləği mənfəət vergisinə cəlb olunur.

Turoperator mikro sahibkarlıq subyekti olduğu halda, Vergi Məcəlləsi ilə müəyyən edilmiş 75 faiz mənfəət vergisi üzrə güzəştlərdən istifadə edir. Digər tərəfdən, çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Turagentlərə ödəmələr isə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bununla yanaşı, biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

Bu qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə aparılan hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.