Turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəlikləri barədə
- Turagentlərin aviabilet və tur paketlərin satışı ilə bağlı əldə edilən gəlirlərinin vergilərə cəlb edilməsi:
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Buna əsasən aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.
Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.
Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.
- Xarici turistlərə xidmət göstərən turoperatorların gəlirlərinin vergiyə cəlb edilməsi:
Xaricdən alınan vəsait turizm xidmətini göstərən turoperatorun vergiyə cəlb olunan gəlirlərinə aid edilir və həmin xidmətlərə görə daxil olan vəsait ƏDV və mənfəət vergisinə cəlb olunur. Turoperatorlar tərəfindən xarici turistlərə göstərilən xidmətlər Azərbaycan Respublikasında həyata keçirilən xidmətlər hesab edilir və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Eyni zamanda, daxil olan vəsait tam həcmdə turoperatorun gəlirlərinə, bu xidmətlərin həyata keçirilməsinə görə çəkilən xərclər, o cümlədən otellərdə qonaqlama xidmətlərinə görə, iaşə obyektlərində göstərilən xidmətlərə görə, nəqliyyat xərclərinə və işçilər üzrə əməkhaqqı və sosial sığorta ödəmələrinə görə, habelə digər gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan fərq məbləği mənfəət vergisinə cəlb edilir. Turoperator mikro sahibkarlıq subyekti olduğu halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş 75 faiz mənfəət vergisi üzrə güzəştlərdən istifadə edir.
Digər tərəfdən çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.
- Elektron qaimə-fakturanın təqdim edilməsi:
Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Aviabiletlərin satışının həyata keçirilməsi məqsədilə biletlərin agentlərə və agentlər tərəfindən də həmin biletlərin digər agentlərə, yəni subagentlərə təhvil verilməsi üzrə uçuşları həyata keçirən müəssisə tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir. Belə əməliyyat “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.
Bununla belə, agent tərəfindən subagentlərə elektron qaimə-fakturanın təqdim edilməsinə görə Vergi Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Agentlər tərəfindən subagentlərə və ya bu xidmətlərin alıcısı olan şəxslərə (hüquqi şəxslərə, fərdi sahibkarlara, büdcə təşkilatlarına) elektron qaimə-faktura verildiyi halda, belə əməliyyatın agent qaydasında həyata keçirilməsi barədə müvafiq qeyd elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində öz əksini tapmalıdır. Bu əməliyyat üzrə elektron qaimə-fakturada göstərilən məbləğlər agentin (subagentin) gəlirləri hesab edilmir və agent (subagent) yalnız ona çatası haqq üzrə gəlirlərindən vergilərini ödəyir.
- Turagentlərə ödəmələr:
Turagentlərə ödəmələr “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.9-cu maddəsinə əsasən yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bununla yanaşı biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.
Adıçəkilən Qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.
-
Turizm xidmətləri göstərən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqlarının güzəştli dərəcələrlə hesablanması barədə:
Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən müvafiq olaraq gəlir vergisi və məcburi sosial sığorta haqları 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.
Neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əhatə dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq olunmuş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları”nın 2.1-ci bəndi ilə müəyyən edilmişdir.
Turagentlər tərəfindən neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və tur paketlərin satışı ilə bağlı göstərilən xidmətlər agent qaydasında uçuşları və turizm xidmətlərini həyata keçirən müəssisələrə göstərildiyindən turagentlər tərəfindən göstərilən həmin xidmətlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə göstərilən xidmət hesab edilmir.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti