» » » Hansı torpaqlar torpaq vergisinə cəlb edilmir?

Hansı torpaqlar torpaq vergisinə cəlb edilmir?

posted in: Xəbər | 0

torpaq vergisiÖlkə ərazisində istifadəsində və ya mülkiyyətində torpaq sahəsi olan hüquqi və fiziki şəxslər torpaq vergisinin ödəyicisidirlər. Torpaq vergisi həm fərdi sahibkar olan fiziki şəxslərin, həm də hüquqi şəxslərin gəlirindən çıxılan xərclərə aid edilir. Yəni torpaq vergisi mənfəət (gəlir) bəyannaməsində xərclərə daxil edilməli xərclərdəndir. Hüquqi şəxslər torpaq vergisini dövlət büdcəsinə, fiziki şəxslər isə bələdiyyəyə ödəyirlər. Vergi Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə ödənilir. Bəs hansı torpaqlar torpaq vergisinə cəlb edilmir?

Suala iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirir:

Vergi Məcəlləsinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlar, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir.

Bununla yanaşı, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da torpaq vergisinə cəlb edilmir.

Bundan əlavə, Vergi Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.


error: Content is protected !!