» » » Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

posted in: Xəbər | 0
birbank biznes

1.Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

 

1.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir:

1.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

1.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

1.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

1.3. Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

1.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır.

1.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

1.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün yol vərəqi” verilir.

1.7. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda, həmin mallar anbara və ya malların saxlandığı digər təsərrüfat subyektlərinə (obyektlərə) yenidən mədaxil edilir və onların dəyərinin alıcıya qaytarılması uçot sənədlərində nəzərə alınır.

1.8. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.

1.9. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

1.10. Malların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

1.11. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

1.12. Vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “topdansatış ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az