» » » Tibbi sığorta ödənişləri: işəgötürənlə işçinin öhdəliyi

Tibbi sığorta ödənişləri: işəgötürənlə işçinin öhdəliyi

posted in: Xəbər | 0

Gələn ildən icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Bu isə o deməkdir ki, əmək müqaviləsi əsasında işləyən hər kəsdən 2020-ci il yanvarın 1-dən icbari sosial sığorta və işsizlikdən sığorta ilə yanaşı, icbari tibbi sığorta ödənişləri də tutulacaq.

Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib. Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özünüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat təşkil edəcək.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov mövzunu şərh edərkən bildirib ki, tibbi sığorta dərəcəsinin işəgötürənlə işçi arasında bölgüsü də artıq dəqiqləşdirilib. İşçinin ödəyəcəyi sığortanın məbləği: əməkhaqqı 200 manata qədər olduqda əməkhaqqının 3 faizi (DSMF) + 0,5 faiz (işsizlikdən sığorta fonduna) + 2 faiz (tibbi sığorta); əməkhaqqı 200 manatdan yuxarı olduqda isə əməkhaqqının 10 faizi (DSMF) + 0,5 faiz (işsizlikdən sığorta fonduna) + 2 faiz (tibbi sığorta). İşəgötürən isə işçiyə ödənilən əməkhaqqının 200 manata qədər hissəsindən, müvafiq olaraq, 22 faiz + 0,5 faiz + 2 faiz, əməkhaqqının 200 manatdan çox olan hissəsindən isə 15 faiz + 0,5 faiz + 2 faiz vəsait ödəyəcək.

Qeyri-formal əmək bazarının miqyasının azaldılması istiqamətindəqabaqlayıcı tədbirlərə ehtiyac var

Sahib Məmmədov hesab edir ki, ölkədə mövcud olan qeyri-formal əmək bazarının miqyasını əhəmiyyətli şəkildə azaltmadan tibbi sığorta sisteminə keçid müəyyən fəsadlar yarada bilər. Bu baxımdan, ortaya çıxa biləcək mümkün çətinliklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə ehtiyac var: “Bu, təkcə sahibkarlar və işəgötürən təşkilatlar üzərində nəzarət funksiyasını həyata keçirən qurumlardan deyil, bütün iqtisadi strukturların birgə fəaliyyətindən, işin düzgün təşkilindən və koordinasiyalı əməkdaşlıqdan asılıdır. Son vaxtlar gizli iqtisadiyyatın azaldılması, sahibkarlıq fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində önəmli addımlar atılır. Amma qeyri-formal əmək bazarının miqyasını azaltmaq üçün yalnız Vergilər Nazirliyinin səyləri kifayət etmir”.

Biznes hesabi
Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, icbari tibbi sığorta üzrə xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Qaydalara görə, bu sahə üzrə maliyyə təminatının bir hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək. Beləliklə, aşağıdakı şəxslərin icbari tibbi sığorta ödənişlərini dövlət ödəyəcək:
  • Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər;
  • Peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;
  • Növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
  • Sosial müavinət almaq hüququna malik əmək qabiliyyəti olmayan şəxslər;
  • Ünvanlı dövlət sosial yardımı alan şəxslər;
  • Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar;
  • Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar;
  • Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.