» » » Təsisçi müəssisədəki təsis payını tam olaraq bağışlayarsa hansı vergi öhdəlikləri yaranır?

Təsisçi müəssisədəki təsis payını tam olaraq bağışlayarsa hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Təsisçi təsis payıTəsisçi müəssisədəki təsis payını tam olaraq bağışlayarsa hansı vergi öhdəlikləri yaranır?

Sual: Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisənin nizamnamə kapitalında 100% paya malik olan təsisçi kommersiya fəaliyyətində istifadə olunması məqsədilə özünə məxsus olan maşın və avadanlıqları əvəzsiz olaraq həmin müəssisəyə verib və bu əmlak bazar qiymətlərinə əsasən müəssisə tərəfindən qiymətləndirilərək mədaxil olunub və qanunvericiliyə müvafiq olaraq əmlak vergisinə cəlb edilib. Bilmək istərdim ki, hal-hazırda təsisçi müəssisədəki təsis payını tam olaraq öz oğluna bağışlayarsa buna görə təsisçinin və müəssisənin hansısa vergi öhdəliyi yaranırmı? Ümumiyyətlə təsis payının atadan oğula bağışlanması və bununla əlaqədar olaraq müəssisənin təsis sənədlərində müvafiq dəyişikliklərin edilməsi üçün hansı sənədlər hazırlanmalıdır və hansı orqanlara müraciət olunmalıdır?

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən hüquqi şəxsin nizamnamə kapitalında 100 faiz paya malik olan təsisçi fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri gəlir vergisindən azaddır.


Telegram qrupumuza üzv olun

Eyni zamanda, təsisçi fiziki şəxs tərəfindən hüquqi şəxsdəki iştirak payı ailə üzvünə bağışlanarkən bağışlama müqaviləsinin bağlandığı tarixə aktivlərin bazar qiyməti ilə iştirak payının nizamnamə kapitalındakı nominal dəyəri arasındakı fərq təsisçi fiziki şəxsin vergi tutulan gəlirlərinə aid edilərək Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Bunlarla yanaşı, vergi qanunvericiliyinə əsasən cəmiyyətin 100 faiz paya malik olan tək təsisçisi tərəfindən iştirak payının ailə üzvünə bağışlanması zamanı cəmiyyətin vergi öhdəliyi yaranmır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.7-ci, 96.1-ci, 101.2-ci, 102.1.3.2-ci, 142.1-ci və 143-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununu.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.