» » » Sığorta ödənişləri gəlirdən çıxılan xərclərə aid edilirmi?

Sığorta ödənişləri gəlirdən çıxılan xərclərə aid edilirmi?

posted in: Xəbər | 0

Əmlakın sığortası üzrə şirkətə elektron qaimə təqdim olunub. Lakin vəsaiti bank vasitəsilə ödəmək mümkün olmadığından, nağd qaydada aparılıb. Belə olan halda, sığorta xərcini mənfəət vergisi üzrə xərclərə daxil etmək olarmı? Elektron qaimə-fakturanın dəyəri nağd qaydada ödənildikdə, həmin e-qaimə üzrə ƏDV-ni əvəzləşdirmək qanunvericiliyə uyğundurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır. Buna əsasən, sorğuda göstərilən halda, elektron qaimə-faktura əsasında ödənilən sığorta haqları Vergi Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır. Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.

Maliyyə xidmətlərinin göstərilməsi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən ƏDV-dən azaddır. Odur ki, yuxarıda göstərilən hal üzrə aparılan əməliyyata dair təfsilatlı məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, “Nağdsız hesablaşma haqqında” Qanunun 3.4.2-ci maddəsinə əsasən, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlarla müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir və bu tələbləri pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya aparılan əməliyyatın ümumi məbləğinin – təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Biznes hesabi

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci, 116-cı, 164-cü maddələri və “Nağdsız hesablaşma haqqında” Qanun

Mənbə: vergiler.az

Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?