Sual: VM 166.1.1-ci maddəsində qeyd olunan işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxt dedikdə bunu iş görən tərərfindən görüldüyü, yaxud müştəri tərəfindən qəbul edildiyi vaxt vergi hesabatı baxımından qəbul olunmalıdır? ƏDV hesabatı üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxt hansı vaxt hesab olunur?
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Cavab: Bildiririk ki, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə 5 gün ərzində verilmiş elektron vergi hesab-fakturada göstərilən məbləğ 30 gün müddətində ödənildiyi halda vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV tutulan əməliyyatın vaxtı ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Təqdim edilmiş mallara görə elektron vergi hesab-faktura 5 gün müddətində verilmirsə və ödəmə 30 gün müddətində həyata keçirilmirsə əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt hesab edilir. Mülki qanunvericiliyə əsasən podrat müqaviləsinə və ya işin xarakterinə əsasən işlərin qəbul edilməsi nəzərdə tutulmuşdursa, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun, qüsurlardan azad olduğu halda və ya keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda sifarişçi yerinə yetirilmiş işi podrat müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə qəbul etmirsə, bu halda iş qəbul edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt, elektron vergi hesab-fakturası isə mal (iş, xidmət) təqdim ediləndən sonra 5 gündən gec olmayaraq verilməlidir. Qeyd olunanlara əsasən sorğunuza əsasən görülən iş və göstərilən xidmət həmin aya görə təqdim olunan ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
Bax: Mülki Məcəllənin 752.1-ci, 756.1-ci, 762-ci və 770-ci maddələri, Vergi Məcəlləsinin 13.2.11-ci, 166-cı və 176.3-cü maddələri
Mənbə: taxes.gov.az