Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü MEYARLARI təsdiqlənib
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİnin 21 dekabr 556 N-li qərari ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiqlənib. Belə ki, bundan sonra 10 nəfərədək işçisi və illik gəliri 200.000 manatadək olan sahibkarlıq subyektləri Mikro Sahibkar kateqoriyasina aid ediləcək və bununla da 75% vergi güzəşti əldə edəcəklər.
İşçi sayı 11 nəfərdən 50 nəfərədək olan və illik gəliri 200.000 manatdan 3.000.000 manata kimi olan sahibkarlıq subyektləri isə Kiçik Sahibkar, İşçi sayı 51 nəfərdən 250 nəfərədək olan və illik gəliri 3.000.000 manatdan 30.000.000 manata kimi olan sahibkarlıq subyektləri Orta Sahibkar, İşçi sayı 251 nəfər və ondan yuxarı olan və illik gəliri 30.000.000 manatdan yuxarı olan sahibkarlıq subyektləri isə İri Sahibkar kateqoriyasina aid ediləcəklər.
İllik gəlirə isə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
Müəllif: Ramin Ramazanov/Muhasibat.Az
Qərarin tam mətnini sizə təqdim edirik
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 556
Bakı şəhəri, 21 dekabr 2018-ci il
“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.
6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 21 dekabr
tarixli 556 nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü
MEYARLARI
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları | İşçilərinin orta siyahı sayı (nəfər) | İllik gəliri (ig) (min manat) |
Mikro sahibkar | 1-10 | ig ≤ 200 |
Kiçik sahibkar | 11 – 50 | 200 < ig ≤ 3 000 |
Orta sahibkar | 51 – 250 | 3 000 < ig ≤ 30000 |
İri sahibkar | 251 və ondan yuxarı | 30 000 < ig |
Qeydlər:
1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
Mənbə: cabmin.gov.az
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.