» » » Rusiyada deoffşorizasiyanın əsas məqamları

Rusiyada deoffşorizasiyanın əsas məqamları

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Son vaxtlar dünyanın iqtisadi gündəliyində daha çox aktuallaşan mövzulardan biri də offşor zonalar vasitəsilə vergidən yayınma hallarına qarşı görülən tədbirlərdir. İndi bu sahədə həm nüfuzlu beynəlxalq iqtisadi qurumlar, həm də ayrı-ayrı ölkələr səviyyəsində ciddi işlər görülür, qanunvericilik bazasında təkmilləşdirmələr aparılır. Həmin işlərin əsas məqsədi vergi yığımının yüksəldilməsi, cinayət yolu ilə əldə edilən «çirkli» pulların qanuniləşdirilməsinin qarşısının alınması, eləcə də iqtisadi münasibətlərdə şəffaflığın artırılması, dünya iqtisadiyyatına təsir göstərmək gücündə olan şirkətlərin fəaliyyətinə aydınlıq gətirilməsidir.

Bu sahədə iri iqtisadiyyata malik ölkələrin ciddi tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır. Belə ölkələrdən biri də Rusiya Federasiyasıdır. Dünyanın yeni iqtisadi reallıqlarını nəzərə alan Rusiyada xarici müəssisələrin gəlirlərindən vergi tutulması üçün qəbul edilmiş qaydaların əsas məqamları məlum olmuşdur.

«deloitte.com» saytının şərhində bildirilir ki, yeni qaydalara əsaəsn, nəzarət edilən xarici şirkətlər (Rusiya rezidentləri tərəfindən qismən nəzarət olunan müəssisələr) üçün səhmdarlar arasında bölünməmiş gəlirlərə qoyulan vergi 13 faizə (əgər şirkətə fiziki şəxs nəzarət edirsə) və ya 20 faizə (əgər şirkət başqa bir şirkətin nəzarətindədirsə) qədər ola bilər.

Şirkətlərin gəlirlərindən vergilərin tutulması dividendlərin ödənilməsi yolu ilə azaldıla bilər. Rusiyada gəlirləri vergiyə cəlb olunan şirkətlərin ödədikləri dividendlər vergidən azad edilə bilər: bu şərtlə ki, müəssisənin dividendlərin ödənildiyi  gəlirləri ilə bağlı bəyannamə təqdim edilmiş olsun, eləcə də şirkət sənədlə  təsdiq edilməsi mümkün olan müvafiq vergiləri ödəmiş olsun.

Nəzarət edən rezident şəxsin əldə etdiyi gəlir aşağıda göstərilmiş şərtlərdən birinə uyğun olarsa, həmin rezident Rusiyada məcburi vergi ödəməkdən azad edilir:

  • şirkət kommersiya qurumu deyilsə və əldə edilən gəliri səhmdarlar arasında bölüşdürmürsə;
  • nəzarət edilən xarici şirkət Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan kimi dövlətlərdən birində vergi ödəyirsə;
  • müəssisə Rusiyanın ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilə imzaladığı yurisdiksiyanın  rezidentinə (Rusiya Federasiyası ilə vergilərə dair informasiyanı mübadilə etməyən ölkələr istisna olunmaqla) aiddirsə.

Offşorlaşmanın aradan qaldırılması ilə bağlı qanunlar Rusiya ərazisində qeydiyyatda olan daşınmaz əmlakdan əldə edilən gəlirlərdən vergi tutulması sahəsində də yeni qaydaların tətbiq edilməsinə səbəb olmuşdur. Bu qaydalara uyğun olaraq, şirkətin səhmlərinin satışından Rusiyadakı daşınmaz əmlaka aid aktivlərin 50 və ya daha artıq faizini əldə etdiyi kapitalın artımı   gəlir vergisinin subyektidir. Bu verginin dərəcəsinin isə 20 faizədək olduğu qeyd edilir.

Bundan əlavə, yeni qaydalar Rusiyada daşınmaz əmlak sahibi olan hüquqi və qeyri-hüquqi şəxslər üzərinə öz səhmdarlarının adlarını açıqlamaq  öhdəliyi qoyur.

Mənbə: www.vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az