» » » Qədim Romada uçot (V hissə)

Qədim Romada uçot (V hissə)

posted in: Xəbər | 0
birbank biznes

RomaQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

Bununla birlikdə, Katonun xərclərin dəyişənlərə və sabitlərə bölünməsi və müasir idarəetmə uçotu praktikasında bilavasitə maya dəyəri kimi tanınan yanaşmanın təbliği barədə göstərişi daha vacib sayılmalıdır.  “Yadda saxlamaq lazımdır ki, – Katon qeyd edirdi – təsərrüfatda heç bir iş aparılmadığı halda belə, onun saxlanılmasına xərclər gedir”. Katona görə, bu şəkildə iqtisadiyyatda hər zaman məhsulun həcmindən heç bir şəkildə asılı olmayan xərclər var. Bunlar sahibinin vəzifəsi olan birbaşa zərərlərdir.

Eyni zamanda, Katon qazanc əldə etmək sənətini insanın ən yüksək naliyyəti hesab edirdi.

Lakin, mühasibat uçotunun parlaq təbliğatçısı olaraq, Katon mühasibat məlumatlarına tam etibar etməyi məsləhət görməmişdi. Təlimatlarında, o, təsərrüfat sahibinin hər şeyi şəxsən müşahidə etməli olduğunu, bundan ötrü isə onun təsərrüfatda olmaqla, hansı işin necə yerinə yetirildiyini və nəyin yerinə yetirilmədiyini öz gözləri ilə görməli olduğunu vacib hesab edirdi. Və yalnız bundan sonra kitabı tələb etmək və orada yerinə yetirilən işlər barədə hesabatla tanış olmağı tövsiyə edirdi.

Məşhur Roma alimi Mark Trensiy Varron isə daha çox rəhbərlik edən şəxsin yazılı hesabatlarına diqqət ayırırdı, o, maddi məsul şəxslərin savadlı olmasını tələb edirdi.

Bu vəzifəyə savadlı bir işçinin təyin olunmasının zəruriliyini göstərərək, o yazırdı ki, “savadsız rəis faydasız bir şeydir, zira o, ağa sürüsünün vəziyyəti ilə bağlı düzgün hesabat tərtib etməyi bacarmayacaq”.

E.ə. II-I əsrlərdə yaşamış yazıçı Lutsiy Yuniy Moderat Kolumella isə tamam fərqli baxışlara söykənirdi. O, hesabdarlıqda savadlı olanlara şübhə ilə yanaşır və savadsız rəhbərin daha etibarlı ola biləcəyini güman edirdi. Rəhbər işçilər və qullar tərəfindən yol verilən müəyyən oğurluqları sadalayan Kolumella yazırdı: “Nəhayət taxılın anbara daşınması zamanı onlar hesab qeydlərində sayı düzgün göstərmir. Beləliklə, həm vəzifəli şəxs, həm də qullar fırıldağa əl atır və sahələr də yararsız hala düşür. Bu işlərə rəhbərlik edən şəxs nə qədər savadlıdırsa, o bir o qədər dələduzluğa və əyintilərə yol verir. Hətta savadsız biri – Kolumella yazırdı – əla yaddaşa malik olsa təsərrüfatı daha yaxşı idarə edə bilər… Belə bir rəhbər öz ağasına mədaxil-məxaric kitabındansa daha çox nağd pullar gətirə bilər, zira, yazıb-oxumağı bacarmadığından onun saxta hesablar tərtib etməsi və ya bundan ötrü öz qorxusundan digərlərinə müraciət etməsi mümkün deyil”.

İstehsal

Maraqlıdır ki, Qədim Romada inşaatda tikilinin dəyərləndirilməsi zamanı aşınma da nəzərə alınırdı. Belə ki, Vitruviy yazırdı: “Ümumi istifadədə olan divarların dəyərləndirilməsi zamanı arbitraj qiymətləndiriciləri tikintini yekun məbləği ilə deyil, ötən hər bir il üçün onun dəyərinin 1/80 hissəsini çıxmaqla qiymətləndirirdilər və hesab edirdilər ki, həmin divarlar 80 ildən çox mövcud ola bilməz”. Amma, bütün ciddiliyi ilə düzgün, yəni, şaqulin vasitəsilə hörülmüş kərpic divarların dəyərləndirilməsində isə aşınma məsələsinə görə dəyər aşağı salınmırdı. Beləliklə, satış zamanı ən azından bərabər  (düzxətli) aşınma amilindən istifadə olunurdu və maya dəyərinin qiymətləndirilməsi bu halda aydın hesablanırdı.

Sənaye uçotu ilə bağlı bizə çatan həmin dövrə aid məlumatlar təsdiq edir ki, o zamanlar kalkulyasiya olmayıb. Bazara işləyən sənaye istehsalında təsərrüfat fəaliyyətinin nəticələri bütövlükdə müəssisə üzrə bütün xərcləri bütün gəlirlərlə müqayisə etmək yolu ilə müəyyən edilirdi.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun