Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
Sual:
Büdcədən maliyyələşən dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılırmı və buna görə hansı vergi ödənilməlidir?
Cavab:
Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.
Büdcə təşkilatı – büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir və Vergi Məcəlləsinin 105.1-ci maddəsində qeyd olunan dərəcə ilə vergiyə cəlb olunur.
Əsas: Mülki Məcəllənin 43-cü, Vergi Məcəlləsinin 13.2.38-ci, 103.1-ci və 105-ci maddələri.
Mənbə: taxe.gov.az
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?


