Artıq 12.08.2018-ci il tarixdən başlayaraq hər həftə sonu əvvəlki həftə ərzində qanunvericilikdə baş verən bütün dəyişiklikləri bir mövzu çərçivəsində izahlı olaraq diqqətinizə çatdıracağıq.
Mövzuya keçməzdən əvvəl ilk olaraq aşağıdakı sualın cavabını tapmağa çalışacağıq.
Ötən həftə hansı yeniliklər oldu?
1) 06.08.2018. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinə 10.2 mln manat ayrıldı.
2) 06.08.2018. 344 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə qərarına görə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir.
Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
2.1.1. gömrük dəyəri 1 000 manata qədər olduqda 15 (əvvəl 10) manat;
2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manata qədər olduqda (əvvəl 1 001 manatdan 10 000 manata qədər olduqda 50) 60 manat;
2.1.3. gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manata qədər olduqda (əvvəl 10 001 manatdan 100 000 manata qədər olduqda 100) 120 manat;
2.1.4. gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda (əvvəl 100 001 manatdan yuxarı olduqda isə 275) 200 manat.
Yeni əlavələr isə bunlardır:
2.1.5. gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat;
2.1.6. gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat;
2.1.7. gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat
2.6.1 və 2.6.2-ci bəndlərdəki dəyişikliklər:
2.6. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
2.6.1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün – 30 (əvvəl 20) manat;
2.6.2. digər avtonəqliyyat vasitələri üçün – 25 (əvvəl 15) manat.
5.1.2-ci bənddəki dəyişiklik:Gömrük müşayiətinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:5.1.2. stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) – 10 (əvvəl 5) manat
Bu qərar 06.09.2018-ci ildən qüvvəyə minəcəkdir.
3) 07.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Naxçıvan MR Nazirlər Kabinetinə 13.5 mln manat ayrıldı.
4) 07.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat ayrıldı.
5) 07.08.2018. 345 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bir sıra qanunvericilik aktlarında “Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu” sözləri “Aqrar Tədqiqatlar Mərkəzi” sözləri ilə əvəz edildi.
6) 07.08.2018. 346 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 06.10.2004-cü il tarixli “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 149 saylı qərarın 1 saylı əlavəsində “ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin,” sözləri “ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici ilə bağlı apellyasiya şurasına müraciət edilməsi” sözləri ilə əvəz edildi.
7) 08.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Bakı Nəqliyyat Agentliyinə 47 milyon 924 000 manat ayrıldı.
8) 08.08.2018. 348 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə əlavə edilən sənədlərdən şəxsiyyətini təsdiq edən sənədin və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin məlumatlarının elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.
9) 09.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrıldı.
10) 09.08.2018. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (bundan sonra – DOST Agentliyi) yaradıldı.
11) 09.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı təsdiq edildi.
12) 09.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Mədəniyyət nazirinin sədrliyi ilə təşkilat komitəsi yaradıldı.
13) 10.08.2018. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin qurumlar həyata keçirir.
14) 10.08.2018. “Notariat haqqında” qanunda dəyişikliklər təsdiq edilmişdir.
Yeni dəyişikliklər 01.01.2019-cu ildən qüvvəyə minir.
Dəyişikliklər və əlavələr aşağıdakı kimidir:
İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.
Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər.
Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.
İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
Maddə 79-dakı dəyişikliklər:
İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminə göndərir.
15) 10.08.2018. “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər təsdiq edilmişdir.
Yeni dəyişikliklər 01.01.2019-cu ildən qüvvəyə minir.
Dəyişikliklər və əlavələr aşağıdakı kimidir:
Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması ilə əlaqədar icra qeydlərinin aparılmasına görə dövlət rüsumunun məbləği 20 AZN (əvvəl 10 AZN) olaraq dəyişdi.
16) 10.08.2018. “İcra haqqında” qanunda dəyişikliklər təsdiq edilmişdir.
Yeni dəyişikliklər 01.01.2019-cu ildən qüvvəyə minir.
Dəyişikliklərə aiddir:
İcra məmuru tərəfindən qəbul edilmiş bəzi qərarlar (icraata başlama, icraatı dayandırma və b) artıq notariusa göndərilməyəcək.
Tələbkar tərəfindən icra sənədinin qaytarılması üçün əsas olmuş səbəblərin aradan qalxması müəyyən edildikdə dərhal aidiyyatı icra qurumuna bu barədə müraciət göndərilə biləcək. Bu müraciətə əsasən yenidən icraat başlanacaq. Bu isə imkan verir ki, müəyyən müddət tapılmayan, yaxud gəliri olmayan borcludan sonradan yenidən borc məbləğini tələb etmək mümkün olacaq. Həmçinin icra qurumları artıq işi geri qaytarsa da, tələbkarın müraciəti olan kimi bu işi mütləq yenidən başlamaq məcburiyyətində olacaqlar.
17) 10.08.2018. Mülki Prosessual Məcəllədə dəyişikliklər təsdiq edilmişdir.
Yeni dəyişikliklər 01.01.2019-cu ildən qüvvəyə minir.
Dəyişikliklərə aiddir:
Notariat qaydasında təsdiq edilmiş əqdlərə və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmiş tələblər üzrə artıq məhkəmə əmri qaydasında işə (cavabdehin iştirakı olmadan işə) baxılması mümkün olmayacaq. Bu isə o deməkdir ki, artıq məhkəmələr həmin tələblər üzrə (iddiaçı kimi “Azərsu” ASC, “Azərişıq” ASC, ARDNŞ və b. olan) cavabdehin çəkişmə hüququnu təmin etməli və şəxsin iştirakı olmadan işə baxmamalıdır.
Bununla yanaşı yeni dəyişikliklərə görə sadə yazılı formada bağlanmış əqdə əsasən lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər üzrə də cavabdehin iştirakı olmadan məhkəmə icraatı aparıla bilməz. Bu dəyişiklik isə daha çox kredit təşkilatlarının işini çətinləşdirmiş olacaq. Belə ki, əksər bank və bank olmayan təşkilatlar məhkəmələrdə işlərin əmr icraatı qaydasında, yəni borclunun iştirakı olmadan baxılmasına nail ola bilirdi. Bu isə həmin borclunun artıq faiz və dəbbə pulu borcları ilə yüklənməsinə səbəb olurdu.
Bu hissədə ötən həftə ərzində əksər qurumların müraciətləri və qərarlarını diqqətinizə çatdıracağıq.
18) 06.08.2018. Baş Dövlət Yol Polisinin müraciəti:
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların (dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının) saz vəziyyətdə olmasını təmin etsinlər, odsödürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar.
19) 08.08.2018. Kənd Təsərrüfatı Nazirliyi
Nazirliyin əməkdaşlarının etik davranış qaydaları təsdiqləndi.
20) 09.08.2018. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Karxanaların istismarı və mineral xammal ehtiyatlarının istifadəsi şərtləri açıqlandı.
Şərtlərə daxildir: müvafiq qayda və standartlara riayət edilməsi, istismar zamanı faydalı qazıntıların normadan artıq itkisinə, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, istismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və b.
21) 10.08.2018. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik, əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə 100-dən artıq istiqamətdə ildə orta hesabla 5 milyon şəxsə xidmət göstərir. Nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 mln. e-müraciət qeydə alınır, 1,1 mln. məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır. DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.
22) 12.08.2018. Xəzərin hüquqi statusuna dair Aktau Konvensiyası imzalandı.
İllərdir əldə edilə bilməyən ortaq razılaşmanın bəzi detalları aşağıdakı kimidir:
– Xəzər xüsusi hüquqi statusa malik olacaq.- Xəzər dənizinə nə BMT-nin dəniz hüququna dair 1982-ci il Konvensiyası, nə də transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil olunmayacaq.- Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalır.- Xəzərin dibi və faydalı qazıntılar isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun olaraq bölünür.Konvensiyanın imzalanması ilə Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan Xəzər dənizi ilə bağlı əsas məsələlərdə ortaq razılıq əldə etmiş oldu.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas