Mikro sahibkarlıq subyektləri iş yerlərinin yaradılmasında, iqtisadi fəallığın yüksəlməsində və bölgələrdə biznesin inkişafında əhəmiyyətli rol oynayır. Bununla belə, aparılmış araşdırmalar və sahibkarlarla müzakirələr göstərir ki, fəaliyyət genişləndikdə daha yüksək sahibkarlıq kateqoriyasına keçidlə bağlı vergi yükünün artması onların böyüməyə marağını azaldan əsas səbəblərdən biridir.
Bu vergi yükünün yüngülləşdirilməsi və biznesin genişlənməsinin təşviqi üçün Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur. Layihəyə əsasən, dövriyyəsinin həcminə görə daha yüksək sahibkarlıq kateqoriyasına keçən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ilində hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həddində vergi güzəştinin verilməsi planlaşdırılır. Bu məbləğ illər üzrə silinmə məhdudiyyəti tətbiq edilmədən, sahibkarın yuxarı kateqoriyada fəaliyyət göstərdiyi sonrakı illərdə ümumi vergi öhdəliyindən çıxılacaq.
Nəzərdə tutulan mexanizm yeni kateqoriyaya keçən sahibkarların likvidlik risklərini azaltmağa və investisiya imkanlarını artırmağa xidmət edəcək. Eyni zamanda, biznesin mərhələli böyüməsini dəstəkləyəcək və kölgə iqtisadiyyatına yönəlmə meylini zəiflədəcək. Bunun nəticəsində mikro bizneslərin daha yüksək sahibkarlıq kateqoriyalarına keçidinin sürətlənəcəyi gözlənilir.
Nümunə: Mikro sahibkarlıq subyekti kimi topdansatışla məşğul olan müəssisənin illik dövriyyəsi 200 min manat həddini aşdığına görə, o, 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına keçir. Müəssisə 2026-cı il üçün dövlət büdcəsinə 2000 manat mənfəət vergisi hesablayaraq ödəyib. Təklif olunan güzəşt mexanizminə uyğun olaraq, həmin məbləğ sahibkarın hesabında vergi güzəşti kimi qeydə alınır.
2027-ci ildə kiçik sahibkar kimi müəssisənin ümumi vergi öhdəliyi 1500 manat təşkil edərsə, bu məbləğ 2000 manatlıq güzəşt hesabına bütövlükdə qarşılanır. Beləliklə, sahibkar 2027-ci il üzrə faktiki vergi ödənişi etmir. İstifadə olunmamış 500 manat isə sonrakı illərin vergi öhdəliklərindən çıxılır.
Mənbə: vergiler.az
