Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müəyyən tələblərə uyğun gələn kiçik sahibkarların beş il müddətində hesablanmış gəlir və ya mənfəət vergisinin 25 faizi həcmində güzəştdən yararlanmasını nəzərdə tutur.
Bu imkandan istifadə etmək üçün sahibkar kiçik sahibkarlıq subyekti kateqoriyasında minimum iki il fəaliyyət göstərməli və vergi borcu olmamalıdır.
Bundan başqa, illik dövriyyə əvvəlki illə müqayisədə 30 faizdən artıq azalmamalıdır. Güzəştin tətbiq olunduğu vergi ilində əmək münasibətləri ilə bağlı pozuntulara yol verilməməsi də əsas şərtlərdəndir.
Layihədəki nümunədə müəssisənin dövriyyəsinin 2026-cı ildə 500 min manat, 2027-ci ildə isə 700 min manat olduğu göstərilir. Müəssisənin 2027-ci il üzrə 300 min manat xərci çıxıldıqdan sonra qalan 400 min manat mənfəətə 80 min manat vergi hesablanır. Güzəşt üçün müəyyənləşdirilmiş tələblər ödənilərsə, vergi məbləği 20 min manat azalaraq 60 min manat təşkil edəcək və həmin məbləğ büdcəyə ödəniləcək.
Bu təklif kiçik biznesin fəaliyyətinə dəstək verməyə və rəsmi məşğulluğun saxlanmasına əlverişli şərait yaratmağa yönəlib.
Mənbə: banker.az
