» » » “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi

“Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0
birbank biznes

“Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi

Malların ixrac qeydi ilə satışı Qaydası

Azərbaycanda ixrac malları ƏDV-dən azad edildi

Nazirlər Kabinetinin 448 № li Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi.

“Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

“Malların ixrac qeydi ilə satışı Qaydası”na əsasən:

  • ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;
  • ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;
  • malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;
  • ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər.

“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.

İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.


“Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1047 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların ixrac qeydi ilə satışı qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2020-ci il
№ 448

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 14 noyabr
tarixli 448 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Malların ixrac qeydi ilə satışı
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə əsasən hazırlanmışdır və
malların ixrac qeydi ilə satışı qaydasını tənzimləyir.

1.2. İxrac qeydi ilə satılan mallara Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. malların ixrac qeydi ilə satışı – istehsalçılar tərəfindən malların ixrac edilməsi məqsədilə ixracatçılara bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində satışı;

1.3.2. ixrac qeydi ilə satılan malların ixracı – gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılması.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər

2.1. İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər aşağıdakılardır:

2.1.1. ixrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;

2.1.2. ixrac qeydi ilə satılmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək
təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.

3. İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər

3.1. İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər aşağıdakılardır:
3.1.1. ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;
3.1.2. ixrac qeydi ilə alınmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş
tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən,
istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

4. Malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlar

4.1. Malların ixrac qeydi ilə satışı aşağıdakı şəxslərə tətbiq edilmir:
4.1.1. müflis elan olunanlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslərə və fərdi sahibkarlara;
4.1.2. dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları
olan vergi ödəyicilərinə;
4.1.3. dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan
maliyyələşən digər orqan və qurumlara, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə
məxsus olan hüquqi şəxslərə;
4.1.4. sərbəst zonaların və xüsusi iqtisadi zonaların rezidentlərinə;
4.1.5. vergi cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə;
4.1.6. hasilatın pay bölgüsü haqqında sazişlərin podratçılarına və əməliyyat şirkətlərinə, həmçinin faydalı qazıntıların hasilatı ilə
məşğul olanlara;

4.1.7. əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi
ödəyicilərinə.
4.2. Malların ixrac qeydi ilə satışı ixracatçının aşağıdakı əməliyyatlarına tətbiq edilmir:
4.2.1. ölkə ərazisində istehsal edilməyən mallara;
4.2.2. tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına;
4.2.3. sərhədyanı ticarət çərçivəsində malların satışına;
4.2.4. malların əvəzsiz (haqqı ödənilmədən) ixracına;
4.2.5. malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsinə;
4.2.6. xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına;
4.2.7. təkrar ixrac gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına;
4.2.8. malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına;
4.2.9. barter əməliyyatları çərçivəsində malların ixracına;
4.2.10. sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracına;
4.2.11. silah ixracına;
4.2.12. bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən malların təqdim edilməsinə və faktiki ixrac əməliyyatlarına.
4.3. Aşağıdakı hallarda istehsalçı tərəfindən ixracatçıya malların satılması ixrac qeydi ilə satış hesab edilmir:
4.3.1 Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olmadıqda;
4.3.2. istehsalçı və ixracatçı bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən tələblərə cavab vermədikdə.

5. İxrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi

5.1. İstehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada
“Malların ixrac qeydi ilə satış qaiməsi” təqdim edilir. “Malların ixrac qeydi ilə satış qaiməsi”nin tətbiqi, uçotu və istifadəsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na müvafiq olaraq müəyyən edilir.

5.2. “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur.
5.3. “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti
qeyd edilir.
5.4. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 (üç) ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 (on beş) gün müddətində ixracatçının ərizəsi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) tərəfindən 3 (üç) ayadək əlavə möhlət verilir. Əlavə möhlət müddəti bu Qaydanın 5.5-5.9-cu bəndləri ilə müəyyən edilmiş inzibati icraat prosedurundan asılı olmayaraq, bu Qaydanın 5.3-cü bəndi ilə müəyyən edilmiş müddətin bitdiyi tarixdən etibarən 3 (üç) ay
müddətinə məhdudlaşdırılır.
5.5. İxracatçı əlavə möhlətin müddətinin verilməsi ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Dövlət Vergi Xidmətinə ərizə təqdim edir.
5.6. Ərizəyə bu Qaydanın 5.4-cü bəndində qeyd edilənlərlə bağlı təsdiqedici sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla əlavə olunur.
5.7. Dövlət Vergi Xidməti tərəfindən ixracatçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə 15 (on beş) iş günü müddətində baxılır.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq ərizəçiyə bildiriş təqdim edilir, sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilən bildirişdə formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar ixracatçıya eyni zamanda bildirilməlidir.
5.8. İxracatçı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir.
Çatışmazlıqların aradan qaldırılması barədə ixracatçının müraciətindən sonra müddətin axımı bərpa olunur. İxracatçı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, Dövlət Vergi Xidməti ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

5.9. Dövlət Vergi Xidməti təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə ixracatçıya əlavə möhlət müddətinin verilməsi barədə və ya əlavə möhlət müddətinin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ixracatçıya təqdim edir. Məlumat sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilir.
5.10. İxracatçı ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumatı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.
5.11. İxracatçı tərəfindən ixrac qeydi ilə alınan mallar bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətdə ixrac edilmədiyi və ya həmin müddətdən sonra ixrac edildiyi halda, habelə bu Qaydaların 4-cü hissəsi ilə müəyyən edilmiş şərtlərə uyğun olmadıqda ixrac qeydi ilə edilən satış malların ölkədaxili satışı hesab olunur.
5.12. İxrac qeydi ilə satılan malların bu Qaydanın 5.3-cü və
5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətdə ixracı baş tutmadığı halda, büdcə qarşısında yaranan öhdəliklər (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) istehsalçının hesabına ödənilir. İstehsalçı tərəfindən büdcə qarşısında öhdəliklərinin ödənilməsi üçün bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş təminatdan (bank qarantiyası və ya depozit) istifadə edilə bilər.

6. Nəzarət

6.1 Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Faylı yükləyin:  “Malların ixrac qeydi ilə satışı Qaydası” (104 downloads )

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun