» » » Kassa metodunda alınan mal necə silinməlidir?

Kassa metodunda alınan mal necə silinməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləriVergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Qanunvericiliyin bu tələbinin kassa metoduna münasibətdə icrasını maliyyə və vergi eksperti Rəşad Məmmədov  şərh edir.

Vergi Məcəlləsinin 133-cü maddəsində alınan malın silinməsi ayrıca göstərilməyib. Bəziləri elə başa düşə bilər ki, mal alınıbsa və pulu ödənibsə, bu mal kassa metoduna görə silinə bilər. Lakin bu belə deyil. Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, vergi ödəyicisi sonradan satılmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Həmçinin, Məcəllənin 139.4-cü maddəsində göstərilib ki, vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Həmin maddədən belə bir nəticə çıxır ki, mənfəət vergisi üçün vergi bazasını ancaq müştəriyə təqdim edilən malların dəyəri azalda bilər. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən isə mallar üzərində mülkiyyət hüququ başqasına verildikdə mal təqdim olunmuş hesab olunur.

Ona görə də alınan malları xərcə aid etmək üçün 2 əsas şərt vacibdir:

  • Satıcıya olan borc ödənilməlidir;
  • Mülkiyyət hüququ alıcıya keçməlidir.

Misal 1: “A” şirkəti gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparır. 2019-cu ilin fevral ayının 5-də ƏDV ilə birlikdə 2.360 manat (o cümlədən 360 manat ƏDV) dəyərində mal alıb. 15 mart 2019-cu ildə bütün məbləğ (yəni ƏDV ilə birlikdə 2.360 manat) nağdsız qaydada ödənilib. 23 mart 2019-cu ildə maya dəyəri 1.500 manat olan mal satılıb. Bu halda satılan malın mayası kimi, kassa metoduna görə, 1500 manat mal silinməlidir.

Bəs alınan mallara görə verilmiş avans kassa metoduna görə xərc hesab olunurmu?

Satıcılara və podratçılara verilmiş avansları vergitutma bazasını azaldan xərc kimi əks etdirmək düzgün deyil. Çünki Vergi Məcəlləsinin 133.3-cü maddəsində maliyyə öhdəliyi ödənildiyi halda xərc, kassa metoduna əsasən, xərc kimi tanınır. Satıcılara və podratçılara verilmiş avanslar maliyyə öhdəliyi hesab olunmur. Bundan başqa, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi sənədləşdirilmiş məlumat əsasında xərclərini onların çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Verilmiş avans isə mal, iş və xidmət əldə edildikdə əsaslandırılmış xərc hesab olunacaq. Ona görə də verilmiş avanslar kassa metoduna görə xərc hesab olunmur. Gözləmək lazımdır ki, verilən avansa görə mal, iş və xidmət mədaxil olunsun.

Misal 2: 2019-cu ilin yanvar ayında “A” şirkəti bir ilin (aylıq ƏDV-siz 500 manat olmaqla) icarə haqqını, yəni 6.000 manatı nağdsız ödəyib. Bir ilin ödənilən 6.000 manat icarə haqqı avans hesab olunur, onu xərc kimi silmək düzgün deyil. Ona görə də “A” şirkəti 2019 yanvar ayının kassa metoduna görə icarə xərcini, Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, 500 manat göstərməlidir.

Mənbə: vergiler.az