» » » İşçi vəfat etdikdə müavinət kimə ödənilməlidir?

İşçi vəfat etdikdə müavinət kimə ödənilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

vərəsəlik, Mühasib-OperatorƏmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov mövzu ilə bağlı şərhini təqdim edir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə, işçinin vəfati ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Təcrübədə əsas sual doğuran məqam işçinin vəfati ilə bağlı müavinətin kimə ödənilməsidir. Mülki Məcəllənin 1133-cü maddəsinin 1-ci bəndinə əsasən, ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Əmlak və digər bu kimi hallarda mirasdan fərqli olaraq, işləyən şəxs adətən vəsiyyət etmir. Buna görə də vəfat halında vəfat edənin qanuni vərəsələrinə ödənilən müavinət qanun üzrə vərəsəlik üzrə tətbiq edilir. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

  • birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
  • ikinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar;
  • üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın;
  • dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər;
  • beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Yuxarıdakı ardıcıllıq əsasında vəfat edənin vərəsələri müəyyən olunur və ölüm haqqında şəhadətnamə əsasında vəfat etmiş işçinin ailəsinə və ya qohumlarına (hüquqi vərəsələrinə) müavinət ödənilir və vəfat etmiş işçinin əmək kitabçası onun ailə üzvlərinə verilir və ya onların tələbi ilə poçtla göndərilir.

Təcrübədə işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilmə ilə bağlı müavinətin işçinin əməkhaqqı kartına ödənilməsi halları baş tutur ki, bu hallar qanuna uyğun deyildir. Müavinət vərəsələr müəyyən olunduqdan sonra hüquqi vərəsələrə ödənilməlidir.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az