» » » Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir

posted in: Xəbər | 0
birbank biznes

Uyğunluq sertifikatının formasıSon günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

• 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;

• 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.2.5-ci yarımbəndindən “və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:

“1.2.6. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

2. Bu Qərar 2020-ci il 19 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il
№ 395


Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:

1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;

1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il
№ 396

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun