» » » İşdənçıxarma müavinətinin hesablanması – qaydalar, məbləğlər

İşdənçıxarma müavinətinin hesablanması – qaydalar, məbləğlər

posted in: Xəbər | 0

Bəzi hallarda işdən azad edilən işçilərə faktiki işlənmiş vaxta görə əməkhaqqından və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan başqa, işdənçıxarma müavinəti və müxtəlif ödənişlər verilməlidir.

Qanunvericiliyin bu tələbini “EN Group Consulting” MMC-nin direktoru Elvin Zaidov şərh edir.

1. Müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə verilən müavinət və ödənişlər

a) Əmək Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, əmək stajına görə aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

• 1 ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

Biznes hesabi

• 1 ildən 5 ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

• 5 ildən 10 ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

• 10 ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

b) Əmək Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı 1 iş günü əmək funksiyasının icrasından azad edilir.

c) Əmək Məcəlləsinin 70.4-ci maddəsinə əsasən, işəgötürən işçinin razılığı ilə yuxarıda qeyd edilən xəbərdarlıq müddəti əvəzinə ödənilən birdəfəlik əməkhaqqı aşağıdakı miqdarlarda ödənilməklə xitam verə bilər:

• azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli,

• azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli,

• azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli,

• azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli.

Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, əgər işçi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi səbəbindən işdən ayrılırsa, Məcəllənin 68-ci maddəsinin “c” bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdə işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı 1 ay əvvəl işçini xəbərdar etməlidir. Yaxud bu xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla işçiyə ödəniş etməlidir.

Xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

2. Müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsinə görə işdənçıxarma müavinəti

Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, əmək stajından asılı olaraq, Əmək məcəlləsinin 77.3-cü maddəsinə əsasən, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

• 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

• 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

• 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

• 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

3. Orta aylıq əməkhaqqının azı 2 misli miqdarında ödənilən işdənçıxarma müavinəti

Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən, orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

• Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə;

• Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda.

4. Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında ödənilən işdənçıxarma müavinəti

Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən, orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

• Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə;

• Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi və 63-cü maddənin 2-ci bəndinə əsasən, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar müəssisənin rəhbərinin, onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmə rəhbərlərinin əmək müqaviləsinə xitam verildikdə;

• Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin “a” bəndinə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verildikdə.

Müəssisənin ləğv edildiyi hallarda, birinci növbədə işçilərin əməkhaqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, Əmək Məcəllənsinin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyətinin dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir.

Əgər müəssisənin ləğv edildiyi və ya müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda qanunla nəzərdə tutulmuş qaydada ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Orta əməkhaqqının hesablanması

Orta əməkhaqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən tənzimlənir:

1) Orta əməkhaqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2) Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

3) 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı belə hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərin sayına vurulur.

3-1) 177-ci maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əməkhaqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.

4) Orta əməkhaqqı müəyyən edilərkən Əmək Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

5) Orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 60, 77, 122, 123-cü maddələrində, 125-ci maddəsinin 4-cü hissəsində, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

6) Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə müəyyən edilir.

Misal: İşçi müəssisədə 12 il çalışdıqdan sonra ona 12.01.2026 tarixdə xəbərdarlıq gəlir ki, 9 təqvim həftəsindən sonra işçilərin sayı və ya ştatların ixtisar edilməsi səbəbi ilə işdən azad ediləcək. İşçinin aylıq əməkhaqqı məbləği 2.000 manatdır. İşçi və işəgötürən razılığa gəlirlər ki, xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilsin.

İşçinin işdən azad olunması zamanı alacağı müavinət və ödənişləri hesablanması qaydası aşağıdakı kimi olacaq:

Əvvəlki 2 ayın iş günlərinin sayı: 18 gün (noyabr 2025) + 22 gün (dekabr 2025) = 40 iş günü
Bir günlük əməkhaqqı:
2000 + 2000 = 4000 manat;
18 + 22 = 40 gün;
4000 : 40 = 100 manat.

2025-ci ilin istehsalat təqviminə əsasən orta aylıq iş günlərinin sayı 19.92-dir.
Orta əməkhaqqı məbləği: 19.92 x 100 = 1992 manat.

İşçiyə ödəniləcək işdənçıxarma müavinəti hesablanan zaman orta aylıq əməkhaqqı olaraq 1.992 manat nəzərə alınacaq. Digər ödənişlər də ona əsasən hesablanacaq:

Xəbərdarlıq müddəti əvəzinə ödəniş:
1.992 x 2 = 3.984 manat.

İşdənçıxarma müavinəti üzrə ödəniş:
1.992 x 2 = 3.984 manat.

Mənbə: vergiler.az

Qısaldılmış və natamam iş vaxtı hansı hallarda tətbiq olunur?

error: Content is protected !!