» » » İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

posted in: Xəbər | 0
birbank biznes

cəzaSual: Son dövrlərdə demək olar ki, bütün şirkətlər artıq işçiləri rəsmi qeydiyyatla işə götürür və rəsmi vergiləri ödəyirlər. Bu həm sahibkarlıq, həm də ümumi dövlətimiz üçün gözəl haldır. Bilmək istərdim, qeydiyyatsız işçi işlədən sahibkarlara qarşı nə kimi cəza var? Və ümumiyyətlə bu cür halları şikayət etmək olurmu? Necə və hara?

Cavab: Bildiririk ki, Əmək Məcəlləsinə əsasən işəgötürən tərəfindən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan hər bir fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Həmin müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Həmçinin bax: İcarəyəverən fiziki şəxsin VÖEN-i olduğu halda E-qaimə verməzsə gəlirdən çıxa bilərik?

Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək məbləğdə, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə inzibati cərimə edilir. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bax: Əmək Məcəlləsinə 3-cü, 5-ci, 7-ci, Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri. Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxsə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər. Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Bax: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.