» » » İşçilərin attestasiyadan keçməsi hansı qaydada aparılır?

İşçilərin attestasiyadan keçməsi hansı qaydada aparılır?

posted in: Xəbər | 0
birbank biznes

Sual: İşçilərin attestasiyasıdan keçməsi hansı qaydada aparılır?

Cavab: İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə və  Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilir.

Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.

Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin  başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı  keçməli olan işçilərin nəzərinə çatdırılır.

Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji  işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə  mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir.

Elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir. Nomenklatura işçilərinin attestasiyasını onları işə təyin və ya təsdiq edən orqanların attestasiya komissiyaları həyata keçirir.

Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe  olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.

Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən  attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.

İşçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər. Komissiyaların tərkibi  attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında  tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir.

İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.

Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi  ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə  peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi  nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

Mənbə: nhmt-az.org

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az