Töhmət və ya mükafat almaq əmək fəaliyyəti dövründə işçinin qarşılaşa biləcəyi hallar hesab olunur. Mövzu çərçivəsində barəsində intizam məsuliyyəti tətbiq edilən işçinin hansı hüquqlarının olduğunu öyrənməzdən əvvəl intizam məsuliyyətinin tətbiq edilməsi ilə əlaqədar başlıca məsələləri aydınlaşdırmaq zəruridir.
Mövcud qanunvericiliyə görə işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilir.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.Tətbiq edilməsi nəzərdə tutulan intizam tənbehlərinə töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə və əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə əmək müqaviləsinin ləğv edilməsi aid edilir.Xatırlatmaq lazımdır ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmçinin göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər ki, bu xəbərdarlıq intizam tənbehi hesab edilmir.
Bəs intizam tənbehi verilməzdən əvvəl hansı işlər görülməlidir? Qanunvericiliyə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Bu halda işəgötürən işçinin izahat verməkdən imtina etməsini sübut etmək öhdəliyi də daşıyır.
İntizam tənbehi nə vaxt verilə bilər? Bu sualın cavabını tapmaq üçün yenə də qanunvericiliyə nəzərə almaq lazımdır. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.Göründüyü kimi bu maddənin məzmununa görə intizam tənbehi işçi tərəfindən intizamın pozulduğu aşkar olunubsa, aşkarlanma günündən 1 ay müddətində işəgötürənin bu proseduru tətbiq etməsi mümkündür.
- izahatı alınmalıdır.(yaxud izahat verməməsi rəsmiləşdirilməlidir)
- məsuliyyətə cəlb etmə yalnız işçi işdə olduğu gün mümkündür.
- bir xətaya görə yalnız bir intizam tənbehi tətbiq edilməlidir.
- məsuliyyə cəlb etmə pozuntunun aşkar olunduğu gündən 1 ay ərzində verilməlidir və pozuntu törədildiyi gündən 6 ay sonra tənbeh tədbiri tətbiq edilə bilməz.(audit yoxlaması və cinayət işi istisna)
- tənbeh tədbiri 6 ay müddətində qüvvədə olmalı və işçiyə mükafatlandırma tətbiq edildikdə qüvvədən düşmüş sayılmalıdır.
- İntizam məsuliyyətinə cəlb etmə yazılı əmr (sərəncam, qərar) qaydasında işəgötürən statusu və ya imza hüququ olan şəxs tərəfindən imzalanmalıdır. Hüququ olmayan şəxs tərəfindən imzalanan əmr əhəmiyyətsiz əmr hesab edilir.
- Bu əmrin bir surəti işçiyə tələbi ilə verilməlidir.
- İntizam məsuliyyətinə cəlb etmə barədə əmək kitabçasında heç bir qeyd olmamalıdır.
- Həmçinin işçi tərəfindən işəgötürənin verdiyi əmrdən məhkəməyə şikayət vermək mümkündür.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas