İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu?
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 106.1.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla) mənfəət vergisindən azaddır.
Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (VM, maddə 124.3).
Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 772-İQ nömrəli «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanununun 7-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər yerli büdcənin gəlirlərinə aid edilir.
Qeyd olunanlara əsasən:
İcarəyə götürülmüş bələdiyyə mülkiyyətində olan torpaqlara görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur və bu torpaqlara görə alınan icarə haqqı bələdiyyə tərəfindən mənfəət vergisinə cəlb edilmir.
Mənbə: vergiler.az