Sual: VÖEN-i olmayan fiziki şəxs bankda olan cari hesabı vasitəsilə mağazadan mal almaq istəyir. Bu məqsədlə cari hesabından mağaza sahibi olan hüquqi şəxsin bank hesabına köçürmə edir və köçürmə sənədi ilə yaxınlaşaraq malını alır. Bu halda, hüquqi şəxs VÖEN-olmayan fiziki şəxsə hansı sənədi təqdim etməlidir? Hüquqi şəxs bank hesabına köçürülmüş vəsaitə POS-terminal ödənişi kimi yanaşıb kassa çeki təqdim edə bilərmi? Ümumiyyətlə, yuxarıda qeyd edilmiş proses nə dərəcədə doğrudur və hansı sənədləşməni tələb edir?
Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçı 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsini tələb edə bilər. Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbdən də, sorğunuzda qeyd olunan halda pərakəndə ticarət obyektində satılan mala NKA çekinin verilməsi məqsədəuyğundur. Əlavə olaraq onu da qeyd edək ki, vergitutma məqsədləri üçün eyni məbləğin həm hesablaşma hesabı, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.
Bax: Vergi Məcəlləsinin 16.1.9-cu, 16.1.11-1-ci və 173.2-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-ci və 5.37-ci bəndi.
Mənbə: taxes.gov.az