» » » Analıq məzuniyyətindən qayıdan işçi sonradan əmək məzuniyyətinə çıxdıqda ödəniş necə hesablanır?

Analıq məzuniyyətindən qayıdan işçi sonradan əmək məzuniyyətinə çıxdıqda ödəniş necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

məzuniyyət, Komissiya müqaviləsi üzrə öhdəliklər, ödəmə mənbəyində vergi, vergitutmaMövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir. 

Hamiləlik və doğuşa görə məzuniyyətdən qayıdan işçi əmək məzuniyyəti hüququndan istifadə etmək istədikdə məzuniyyətdə olduğu dövr üçün orta əməkhaqqı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əməkhaqqına əsasən müəyyən edilir. Aydın məsələdir ki, hamiləlik və doğuma görə məzuniyyətdə olduğu dövrdə işçi işdə olmayıb və bu səbəbdən də ona əməkhaqqı hesablanmayıb. Belə halda hesablamanın həyata keçirilməsi üçün Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə” qərara baxmaq lazımdır. Həmin qərarda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər müəyyən olunub.

Qərara əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər nəzərə alınan ödənişlərə daxildir. Qeyd edilən halda məzuniyyət dövrü üzrə orta əməkhaqqının tapılması üçün işçinin məzuniyyətə çıxdığı aydan əvvəlki 12 ayın gəlirləri toplanıb 12-yə bölünməli və alınmış orta aylıq əməkhaqqı 30.4-ə bölünərək bir günlük orta əməkhaqqı müəyyən olunmalıdır. Alınmış rəqəm məzuniyyət günlərinin sayına vurularaq məzuniyyət dövrü üçün orta əməkhaqqı tapılmalıdır.

Əsas: Əmək Məcəlləsinin 140-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az