» » » Əsas vəsaitlərin təmirinə çəkilən xərclər hansı qaydada gəlirdən çıxıla bilər?

Əsas vəsaitlərin təmirinə çəkilən xərclər hansı qaydada gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

mühasib , Vakansiya , kompensasiya hüququTikinti sahəsində fəaliyyət göstərən şirkət bəzi zəruri avadanlıq və qurğuları başqa müəssisədən icarəyə götürür və icarəyə götürülmüş əmlaklara şirkət tərəfindən mütəmadi olaraq təmir xərcləri çəkilir. Bu xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.

Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.

İcarəyə götürülən və icarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlı bildiririk ki, Vergi Məcəlləsində icarəyə götürülən əsas vəsaitə çəkilən təmir xərcinin ya icarə haqqı ilə əvəzləşdirilməsi, yaxud icarəyə verənin vəsaiti hesabına çəkilməsi göstərilir. Vergi Məcəlləsinin 115.6-cı maddəsində göstərilir ki, bu iki halda təmir xərcinin gəlirdən çıxılmasına dair 115-ci maddənin müddəaları icarəyə götürənə tətbiq edilmir.

Vergi Məcəlləsinin 115.5-ci maddəsində əsas vəsaitlərin təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılması göstərilmişdir.


Fiziki şəxslərin əməkhaqlarından gəlir vergisinin tutulması


Belə ki, tərəflər arasında bağlanan müqavilədə əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı suallar qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Eyni zamanda, Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur.

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır, yaxud icarəyə verənin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.

Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır. Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

Vergi Məcəlləsinin 115.7-ci və 115.8-ci maddələrinə dair müddəalar balansda əsas vəsait kimi uçota alınan aktivlərə münasibətdə tətbiq edilir və uzunmüddətli icarə istisna olmaqla, icarəyə götürülən əsas vəsaitlərə münasibətdə tətbiq edilmir.

Beləliklə, icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

  • icarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;
  • icarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə.

Əsas: Vergi Məcəlləsinin 115-ci və Mülki Məcəllənin 680-ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydalar.

Mənbə: vergiler.az


Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?