» » » Əmlak sığortası üzrə sığorta ödənişi

Əmlak sığortası üzrə sığorta ödənişi

posted in: Xəbər | 0

Əmlak sığortasıƏmlak sığortası üzrə sığorta ödənişi (Pul ödəməsi yoxsa Təmir?)

Sığorta bazarının başlıca problemlərindən biri hələ də sığorta ödənişi ilə bağlı münasibətlərin tənzimlənə bilməməsidir. Azərbaycan Respublikasında sığorta qanunvericiliyinin 2008-ci ildən formalaşdırılmasına, 2011-ci ildən başlayaraq yeni növlərin tətbiqinə və hər il yeni islahatların aparılmasına baxmayaraq sığorta ödənişi ilə bağlı məsələlərin təcrübədə öz həllini tapmaması zərərçəkmişlərlə narazılıqların yaranmasına səbəb olur.

Mövzu çərçivəsində xatırlatmaq yerinə düşər ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna görə sığorta ilə bağlı bütün maliyyə əməliyyatları yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əmlak sığortası üzrə sığortaçılarla zərərçəkənlər arasında yaranan narazılıqların başlıca səbəbi sığorta ödənişinin hansı qaydada həyata keçirilməsi ilə bağlıdır.

Biznes hesabi

Onu da qeyd edək ki, mövzu çərçivəsində sığorta ödənişi anlayışının ətraflı izahı nəticəsində sığorta ödənişinin heç də tək pul formasında ifadə olunmadığını anlamaq mümkün olacaq.

Mülki Məcəlləyə (maddə 926.1) əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Daha dəqiq desək sığorta hadisəsi baş verdikdə sığortaçı təkcə zərərçəkmişin məruz qaldığı  maliyyə itkisini aradan qaldırmış olur. Əldən çıxmış fayda və ya mənəvi zərər kimi itkilər sığorta ödənişi ilə əhatə olunmur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bəs sığorta ödənişi yalnız zərərçəkmişə ödənilən pul formasında ifadə edilir?

– Bu sualın cavabı isə xeyir olacaq.

Mülki Məcəlləyə (maddə 927.2) görə sığorta ödənişi aşağıdakı 4 formada ifadə edilir:

1) pul formasında

2) dəymiş zərərin aradan qaldırılması üçün xidməti həyata keçirən şəxs və ya şirkətə ödəniş formasında

3) Zərərçəkmiş əmlakın təmiri formasında

4) Müqavilədə nəzərdə tutularsa, zərərçəkmiş əmlakın yenisi ilə əvəz edilməsi formasında

Göründüyü kimi heç də sığorta şirkəti hadisə baş verərkən yalnız zərərçəkənə pulun ödənilməsini həyata keçirməli deyil. Məcəllə sığorta şirkətinə icazə verir ki, öz seçimi əsasında hadisə baş verdiyi vaxt yuxarıdakı 4 formadan biri üzrə ödəniş etsin.

Sığorta şirkətləri tərəfindən pul formasında zərərçəkənə ödəniş verildikdən sonra həmin  ödəniş məbləğinin sırf dəymiş zərərin aradan qaldırılmasına sərf edilib-edilməməsini yoxlamaq səlahiyyəti olmadığından (belə bir səlahiyyətin olması sığorta dələduzluğunun aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edərdi) məqsədəuyğundur ki, dəymiş zərərin məbləğini dəqiq müəyyən etdikdən sonra qanunvericiliyin imkanlarından istifadə etsinlər.

Belə ki, Mülki Məcəlləyə görə (maddə 927.4) əgər sığorta ödənişini almaq səlahiyyəti olan şəxs əmlakın etibarnaməli idarəçisidirsə, bu halda dəymiş zərər əmlakın təmiri formasında və ya yeni əmlakla əvəz edilmə formasında aradan qaldırılmalıdır.

Əgər əmlakın etibarnaməli idarəçisi dəymiş zərəri öz hesabına aradan qaldırıbsa, çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməklə pul formasında sığorta ödənişi ala bilər.

Göründüyü kimi qanunvericilik bu tələbləri yalnız əmlakın etibarnaməli idarəçisinə aid etmişdir.

Ümumiyyətlə sığorta ödənişinin hansı formada ediləcəyi ilə bağlı seçim imkanı sığorta şirkətində olduğundan və pul formasında ödənişin aparılmasından sonra həmin pulun zərərin aradan qaldırılmasına sərf edilib-edilmədiyinin müəyyən edilməsi mümkün olmadığından məqsədəuyğundur ki, sığorta şirkətləri təmiri keyfiyyətli şəkildə həyata keçirə biləcək şirkətlərlə əməkdaşlıqda daha maraqlı olsunlar.

Yekunda isə qeyd etmək istərdik ki, Vergi Məcəlləsinə əsasən baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkmişə verilmiş sığorta ödənişləri gəlir və ya mənfəət vergisindən tam həcmdə azaddır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas