» » » Hansı halda işçi əmək müqaviləsinə dərhal son verə bilər?

Hansı halda işçi əmək müqaviləsinə dərhal son verə bilər?

posted in: Xəbər | 0
birbank biznes

müddətli əmək müqaviləsi, işçilərin təminatı, Övladi olan işçinin təminatları, Əmək müqaviləsiAzərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilər. Burada tərəflər dedikdə, işçi və işəgötürən başa düşülür.

Vəkil Anar Qasımlı Məcəllənin tələbələrini belə izah edib:

Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Ümumi qayda belədir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Göründüyü kimi, maddə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi adlansa da, daha çox işəgötürənin mənafeyinə xidmət edir. Başqa sözlə, işçi istədiyi vaxt işdən çıxa bilməz. Bir aylıq xəbərdarlıq müddəti bu məqsədlə müəyyən edilir ki, işəgötürən həmin işçinin yerinə yeni işçi tapmaq imkanına malik olsun.

69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir: işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Maddənin 4-cü hissəsi diqtə edir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.

Əmək Məcəlləsinin 69-cü maddəsinin 5-ci hissəsi qadağanedici norma olub, işçinin mənafeyinə xidmət edir: işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Maddənin 6-cı hissəsi işçiyə məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə vermək hüququ müəyyən edərək, məzuniyyət müddəti bitənədək yuxarıda (4-cü hissə) göstərilən qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət etmək səlahiyyəti verir və onun xahişini təmin etməyin vacib olduğunu qeyd edir.

Nəhayət maddənin 7-ci maddəsində işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağan olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun