» » » Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə məsuliyyət tədbirləri

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə məsuliyyət tədbirləri

posted in: Xəbər | 0
birbank biznes

İşəgötürənlər tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşağıda qeyd edilən qanunvericiliklərlə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki,

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə hər bir belə işçi üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu qeyddə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

İşəgötürən öz fəaliyyəti ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə, cərimə və sanksiyalara məruz qalmaması üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməli, müəyyən edilmiş qaydada əmək müqavilələrinin rəsmiləşdirilməsini təmin etməlidir.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az