» » » Əmək müqaviləsinə hansı hallarda Əmək Müfəttişliyinin qərarı ilə xitam verilə bilər?

Əmək müqaviləsinə hansı hallarda Əmək Müfəttişliyinin qərarı ilə xitam verilə bilər?

posted in: Xəbər | 0

Mülki müqavilə, əmək münasibətləri, əmək müqaviləsinə xitamBəzən elektron informasiya sistemində adlarına aktiv əmək müqaviləsi bildirişi olan vətəndaşlar rəsmi olaraq işsiz hesab edilmədikləri üçün həm yeni işə düzəlmədə, həm də dövlət tərəfindən verilən müəyyən müavinətlərin onlara təyin edilməsində problemlə qarşılaşırdılar. Bu sahədə qanuvericilikdə edilmiş təkmilləşmələri insan resursları üzrə ekspert Nüsrət Xəlilov şərh edib.

Bu günlərdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Əmək Məcəlləsinin 49, 74 və 87-ci maddələrinə müvafiq dəyişikliklər edilib.

Əmək Məcəlləsinin 74-cü maddəsinə əlavə edilən 1-1-ci bəndə əsasən, aşağıda nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (Dövlət Əmək Müfəttişliyi Xidmətinin) qərarı ilə qüvvədən düşmüş hesab edilir.

– fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

– fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;

– fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

– Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;

– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Eyni zamanda, 74-cü maddənin 1-ci hissənin e) bəndinə “vəfat etdikdə” sözlərindən sonra “, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə” sözləri də əlavə edilib ki, bu hallarda da əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən xitam veriləcək.

İşçinin müraciəti əsasında, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılacaqdır.

Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.


Mənbə: vergiler.az