Aprelin 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxildir. Birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.
“Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, 5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Birinci oxunuşdan sonra deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 7-ci, 21-ci və 25-ci maddələrə düzəlişlər edilib.
Sonra çıxış edən komitə üzvləri Jalə Əliyeva, Musa Quliyev, Rauf Əliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olundu.
İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik də müzakirəyə çıxarıldı. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik müsbət qarşılandı və Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.
Mənbə: meclis.gov.az