» » » Əmək birjası ilə bağlı Qaydalar təsdiq olunub

Əmək birjası ilə bağlı Qaydalar təsdiq olunub

posted in: Xəbər | 0
birbank biznes

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında (Əmək birjası)

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                 Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 16 sentyabr
tarixli 412 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək birjalarının (bundan sonra – Birja) və əmək yarmarkalarının (bundan sonra – Yarmarka) təşkili və fəaliyyəti qaydasını müəyyən edir.

1.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən birjalar və yarmarkalar əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. Yarmarka – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir;

1.3.2. Birja – hüquqi və ya fiziki şəxslərdən (bundan sonra – Sifarişçi) daxil olan sifarişlər əsasında işsiz və işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilən xidmətdir.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Yarmarkanın təşkili məqsədi və formaları

2.1. Yarmarkanın təşkili məqsədləri aşağıdakılardır:

2.1.1. işəgötürənlərə yarmarka iştirakçıları arasından lazımi kadr seçmək, həmçinin işaxtaranlarla birbaşa müsahibələr keçirmək imkanının yaradılması;

2.1.2. işsiz və işaxtaran şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsi.

2.2. Yarmarkanın təşkili formaları aşağıdakılardır:

2.2.1. iqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar;

2.2.2. ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar;

2.2.3.əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.

3. Yarmarkanın təşkili və fəaliyyəti

3.1. Yarmarkanın təşkil edilməsi üçün Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

3.2. Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə Yarmarkanın təşkili qrafiki Xidmət tərəfindən təsdiq edilir. Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur.

3.3. Yarmarkanın təşkili məqsədilə müvafiq Yarmakanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq Xidmət tərəfindən fəaliyyət planı hazırlanır və təsdiq edilir. Fəaliyyət planında aşağıdakı məlumatlar öz əksini tapır:

3.3.1. Yarmarkanın yeri, tarixi və vaxtı;

3.3.2. Yarmarkada iştirak edəcək işsiz və işaxtaran şəxslərin sayı, təhsil səviyyəsi, peşə və ixtisaslar üzrə bölgüsü;

3.3.3. Yarmarkada iştirak edəcək işəgötürənlərin (müəssisələrin) sayı, iqtisadi fəaliyyət sahəsi;

3.3.4. Yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar üzrə bölgüsü;

3.3.5. Yarmarkanın keçirilməsi üzrə xərclər smetası.

3.4. Bu Qaydanın 3.3.1-ci və 3.3.4-cü yarımbəndlərində göstərilən məlumatlar Nazirliyin rəsmi internet səhifəsində dərc edilir və MAS-da işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

3.5. Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

3.5.1. karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

3.5.2. peşə seçiminə istiqamətləndirilir;

3.5.3. peşə hazırlığına cəlb edilir;

3.5.4. haqqı ödənilən ictimai işlərə cəlb edilir;

3.5.5. iş yerlərinə göndəriş verilir.

4. Birjanın təşkili və fəaliyyəti

4.1. Birja Sifarişçinin müraciəti əsasında işsiz və işaxtaran şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir.

4.2. İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs Birjada qeydiyyata alınmaq hüququna malikdir. Bunun üçün həmin şəxs “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-da bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun “Müraciət-Ərizə”ni dolduraraq təsdiq edir.

4.3. Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən MAS-da bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun doldurularaq təsdiq edilmiş “Müraciət-Ərizə” əsasında, telefon vasitəsilə və ya birbaşa Xidmətin şəhər, rayon məşğulluq orqanlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur. Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən MAS-a daxil edilir.

4.4. Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir.

4.5. Sifarişçi və bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş şəxs arasında münasibətlər onlar arasında bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir.

“Əmək birjalarının və əmək
yarmarkalarının təşkili və
fəaliyyəti Qaydası”na
1 nömrəli əlavə

İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslərin
Birjada qeydiyyata alınması üçün
Müraciət-Ərizə

İşaxtaran və işsiz şəxsin:
Fərdi identifikasiya nömrəsi
İşaxtaran kimi qeydiyyat nömrəsi*
İşsiz kimi qeydiyyat nömrəsi*
Soyadı, adı, atasının adı*
Elektron poçt ünvanı (olduğu halda)*
Telefon nömrəsi*
İxtisası/peşəsi*
Qeyd

 

* MEİS tərəfindən avtomatik müəyyən edilən məlumatlar.

“Əmək birjalarının və əmək
yarmarkalarının təşkili və
fəaliyyəti Qaydası”na
2 nömrəli əlavə

Birja tərəfindən sifarişlərin qəbulu üçün
Müraciət-Ərizə

Hüquqi şəxsin:

–  adı

–  VÖEN-i

–  hüquqi və faktiki ünvanı

–  elektron poçt ünvanı (olduğu halda)

–  telefon nömrəsi

Fiziki şəxsin:

–  fərdi identifikasiya nömrəsi

–  VÖEN-i (olduğu halda)

–  soyadı, adı, atasının adı

–  elektron poçt ünvanı (olduğu halda)

–  telefon nömrəsi

İşin təsviri
İşin həcmi
Tələb olunan işçilərin sayı
İşin yerinə yetirilməsi vaxtı və müddəti
Qeyd

 

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək birjası,əmək birjası, əmək birjası, əmək birjası, əmək birjası